Müxtəlif brendlərin uşaq geyimlərində və ayaqqabılarda təhlükəli kimyəvi maddələr aşkarlanmışdır
Bakı, 16 yanvar (AZƏRTAC). “Qrinpis” təşkilatının yeni araşdırması müxtəlif brendlərin uşaq geyimləri və ayaqqabılarında təhlükəli kimyəvi maddələri aşkara çıxarmışdır. Bu maddələr həm mass-marketlərin geyimlərində, həm də lyuks-markalarda vardır.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, yeni məruzə parça və dəri məmulatlar istehsalı zamanı təhlükəli kimyəvi maddələrdən istifadəni rədd edən “Detox” kampaniyası çərçivəsində “Qrinpis” tərəfindən dərc olunmuş əvvəlki tədqiqatları davam etdirir. Hətta uşaqlar və yeniyetmələr üçün geyim istehsalında təhlükəli kimyəvi maddələrdən əvvəlki kimi geniş istifadə olunur.
Tədqiqat aparmaq üçün dünyanın 25 ölkəsindəki rəsmi mağazalardan və ya avtorizə edilmiş dilerlərdən uşaq geyimlərinin 82 nümunəsi götürülmüşdür. GAP, H&M, Adidas, Nike, Puma, American Apparel, G&A, Disney, Primark, Uniqlo və Burberry lyuks brendi bu brendlər arasında olmuşdur.
Nümunələri “Qrinpis”in Ekseter şəhərindəki (Böyük Britaniya) elmi-tədqiqat mərkəzinə, oradan isə akkreditə olunmuş müstəqil laboratoriyalara göndərmişlər. Tədqiqatın yekunlarına əsasən, bütün brendlərin nümunələrində təhlükəli kimyəvi maddələrin olduğu aydınlaşmışdır. Disney, American Apparel və Burberry də daxil olmaqla hər brendin ən azı bir nümunəsində nonilfenol etoksilatlarının yüksək dərəcəsi aşkarlanmışdır. Adidas uşaq çimərlik paltarlarının tərkibindəki perftoroktan turşusunun səviyyəsi həmin şirkətin müəyyənləşdirdiyi normadan yüksək olmuşdur. Primark uşaq futbolkaları üzərindəki şəkillərin çapının 11 faizi ftalatlardan ibarət olmuşdur. Bu kimyəvi maddələrin ətrafa mühitə düşməsi insanın reproduktiv, hormonal və ya immun sistemi üçün xoşagəlməz nəticələrə səbəb ola bilər.
Əldə edilmiş bütün əşyaların uşaqlar və körpələr üçün nəzərdə tutulmasına baxmayaraq, tədqiqatçılar bu əşyaları böyüklər üçün geyimlərlə müqayisə edərkən zərərli kimyəvi maddələrin istifadə dərəcəsində və diapazonunda əhəmiyyətli fərqlər tapmamışlar.