Naftalanda elektrikli avtomobillər sınaqdan keçirilib
Naftalan, 1 noyabr, Elcan Məmmədov, AZƏRTAC
Naftalan kurort şəhərinin müasirləşməsi və turistlərin rahatlığının təmin edilməsi istiqamətində işlər davam etdirilir. Dövlət Turizm Agentliyi (DTA) və Azərbaycan Turizm Bürosu ilə birgə hazırlanmış kompleks tədbirlər planında nəzərdə tutulmuş layihələr mərhələli şəkildə həyata keçirilir.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, nəzərdə tutulan tədbirlərdən biri də yerli istehsal olan WingZ elektroskuterlərin, Taxi bike MTB-01 Motoribike və İsrail istehsalı olan EZRaider HD4 elektrikli avtomobillərin istifadəyə verilməsidir.
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı DTA-nın Gəncə Destinasiya Menecment Təşkilatının və mərkəzi ofisi paytaxt Bakıda yerləşən WingZ şirkətinin məsul əməkdaşları ilə görüş keçirib. Görüşdə təkliflər irəli sürülüb, bir sıra məsələlər müzakirə edilib.
Sonra ekoloji cəhətdən zərərsiz elektron nəqliyyat vasitələri sayılan yeni avadanlıqların təqdimatı və test sınaqları keçirilib. Elektron nəqliyyat vasitələri ilə bələdçilər tərəfindən şəhər ərazisində və turistlər üçün digər cəlbedici yerlərə daha rahat və təhlükəsiz gəzintilər təşkil olunacaq.