NALÇİK NİYƏ HÜCUMA MƏRUZ QALDI?
Hazırda əsas ehtimallardan birinə görə, yaraqlıların basqınının səbəbi respublikanın hüquq mühafizə orqanlarının bir qrup vəhhabini həbs etməsi ilə bağlıdır. Kabarda-Balkariyanın bütün güc qurumlarına, islah-əmək koloniyasına basqın vəhhabilərin öz tərəfdarlarını azad etmək cəhdi hesab oluna bilər.
Son vaxtlar respublikada vəziyyət kifayət qədər gərginləşmişdi. Xüsusi təyinatlılar dəstəsi “Camaat” vəhhabi qruplaşmasının yerli “Yarmuk” qurumuna hücum etmiş və əməliyyat yaraqlıların hamısının məhv edilməsi ilə başa çatmışdır. Lakin sonra bu dəstə tezliklə dirçəlmiş və respublikanın kurortlarına gələnləri hədələməyə başlamışdır. İstisna edilmir ki, yaraqlıların hücumu irimiqyaslı terror aktının yalnız bir hissəsidir. Ona görə də, Kabarda-Balkariyada yol hərəkətinin təhlükəsizliyi müfəttişliyinin postları, evlərin, məktəblərin, xəstəxanaların, uşaq bağçalarının həndəvərindəki avtomobil dayanacaqlarına nəzarət gücləndirilmişdir. Bu, bir də onunla bağlı idi ki, ötən bazar günü Nalçikdə içərisində 500 kiloqram partlayıcı maddə olan metal konteyner aşkara çıxarılmışdı.
İri terror aktı hazırlandığına dair ehtimalın ağlabatan olduğuna belə bir fakt da sübut edir ki, oktyabrın 8-də Nalçikin ətraf qəsəbələrindən birində iki yaraqlı yaxalanmışdı. Onlar şəhərin hava limanında terror aktına hazırlıq görürdülər.