NAMİQ ƏLİYEV: “ÇALIŞACAĞIQ KI, LONDON OLİMPİADASINDA DA UĞURLU NƏTİCƏLƏRLƏ XALQIMIZI SEVİNDİRƏK”
Bakı, 14 dekabr (AZƏRTAC). Yola saldığımız ildə Azərbaycan idmançıları beynəlxalq yarışlarda böyük uğurlar əldə etmişlər. Güləş Federasiyasının göstəriciləri bu sırada ən məhsuldar olmuşdur. AZƏRTAC-ın müxbiri ilə söhbətində federasiyanın vitse-prezidenti Namiq Əliyev ilin yekunlarına və perspektivlərə dair sualları cavablandırmışdır.
- Bu il Azərbaycan Güləş Federasiyasının göstəriciləri müstəqillik dövrünün ən yaxşı nəticələrindəndir. Növbəti ildə bu uğurları yaxşılaşdırmaq çətin olmayacaq ki?
- Bəli, siz düzgün qeyd etdiniz, 2009-cu il bizim üçün çox məhsuldar oldu. Mövsümün əvvəlində sərbəst güləş üzrə yığma komandamız Tehranda keçirilmiş dünya kubokunda baş mükafata sahib oldu. Komanda bu uğuru apreldə Vilnüsdə təşkil edilmiş Avropa çempionatında da davam etdirdi. Dörd qızıl, bir gümüş və bir bürünc medal qazanan sərbəst güləşçilərimiz komanda hesabında 1-ci yeri tutdular. Sentyabrda Danimarkanın Herninq şəhərində keçirilmiş dünya çempionatında isə hər üç güləş komandamız yüksək nəticə göstərdi. Qadın güləşi üzrə milli komanda 1-ci, sərbəst güləşçilər 2-ci, yunan-Roma güləşçiləri isə 3-cü oldular.
Ümumiyyətlə, bu uğurlar xalqımızın ümummilli lideri Heydər Əliyevin idmana və idmançılara göstərdiyi qayğının Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsinin məntiqi nəticəsidir.
- Azərbaycanın sərbəst və yunan-Roma güləşçiləri Beynəlxalq Güləş Federasiyasının (FİLA) ən yaxşı nəticə göstərən idmançılar siyahısında yer almışlar. Bu mövqeyi qorumaq üçün nə kimi işlər görülür?
- Yığma komandamızın hər bir üzvü üçün məşqçilər heyəti tərəfindən fərdi planlar hazırlanmışdır. Bu işi uğurla həyata keçirmək üçün Güləş Federasiyası məşqçilər heyətinin sıralarını bir az da genişləndirmişdir. Məqsəd bütün çəkilərdə yüksək səviyyəli idmançılar hazırlamaqdır. Bu niyyətlə hər çəki üzrə cavabdeh məşqçi təyin etmişik. Bunun yaxşı nəticə verəcəyinə əminik.
- Qadın güləşçilərimizin dünya çempionatındakı uğurları idmanın bu növünə qızların axınını artırıbmı?
- Sevindirici haldır ki, qadın güləşçilərimiz dünya çempionatında adlı-sanlı idmançılara qalib gələrək, yüksək nəticələr əldə etmişlər. Bu uğur təkcə Bakıda deyil, regionlarda da idmanın həmin növünə qızların marağını daha da artırmışdır. Hazırda milli komandamızda güclü rəqabət vardır. İnanırıq ki, qadın güləşində qələbələrimizin davamı gələcək və bu növdə kütləviliyə nail olacağıq.
- Məşqçi və hakimlərin «gəncləşməsi» və yeni güləş mütəxəssislərinin formalaşdırılmasında seminarların, ixtisaslaşdırma kurslarının keçirilməsi nəzərdə tutulurmu?
- Güləş Federasiyası hər yarışqabağı hakimlər və məşqçilər üçün seminar keçirir. Bu, FİLA-nın yarış qaydalarında tez-tez dəyişikliklər etməsi ilə əlaqədardır. Dəyişikliklər nəticəsində məşqçilərin taktiki gedişlər etmək üçün həmin seminarlarda iştirakları vacibdir. İlin sonunda Gənclər və İdman Nazirliyi ilə birgə regionlarda geniş tərkibdə seminar keçirməyi planlaşdırırıq.
- Azərbaycan yığma komandasının tərkibinə yeni idmançıların cəlb olunması və regionlarda bununla bağlı görülən işlər barədə nə deyə bilərsiniz?
- Yığma komandamızın qapısı bütün güləşçilərin üzünə açıqdır. Ölkədaxili və beynəlxalq turnirlərdə müvəffəqiyyət qazanmış idmançılar milli komandanın tərkibinə daxil edilirlər. Ancaq yığmada heç kimin yeri əbədi deyildir. İlboyu sabit çıxış etməyən idmançı tədricən yığmada mövqeyini itirir, onu daha fəalı əvəzləyir.
O ki qaldı, bölgələrdə gənc idmançıların yetişdirilməsinə, onu deyə bilərəm ki, federasiyanın regionlar üzrə işi yüksək səviyyədə təşkil olunmuşdur. Güləş Federasiyasının nümayəndələri mütəmadi regionlara gedir, oradakı vəziyyətlə tanış olur, üzə çıxan nöqsanları yerindəcə həll edir, böyük problemlər olduqda rayon rəhbərliyi ilə görüşərək həllinə nail olurlar. Güləş Federasiyası bölgələrdəki idman zallarının təmirinə yaxından kömək göstərir və onları xüsusi avadanlıqla təchiz edir. İndiyədək regionlara 60 dəst güləş döşəyi paylanılıb ki, bu da çox böyük işdir.
Gənc idmançıların hazırlanması işinin yüksək səviyyədə həyata keçirilməsi üçün regionlarda yarışlar keçirilir. Sevindirici haldır ki, turnirlərin təşkili üçün bu gün gözəl şərait vardır. Olimpiya İdman bazaları bu işdə bizə çox kömək olur.
- London Yay Olimpiya Oyunlarına o qədər də çox vaxt qalmayıb. Bu Olimpiadada “Pekin-2008”in göstəricilərini yaxşılaşdırmaq meyli müşahidə edilirmi?
- Bu sualı belə cavablandırardım: o pis əsgərdir ki, general olmağı arzulamır. Pekin Yay Olimpiya Oyunlarından bir il ötüb. Məşqçilər heyəti bu oyunların nəticəsini təhlil edərək, nəticə çıxarır. Buna misal olaraq, builki uğurlarımızı göstərə bilərik. Çalışacağıq ki, Londan Olimpidasında da uğurlu nəticələrimizlə xalqımızı yenə sevindirək.
- Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev güləşçilərimizin göstəricilərinə və federasiyanın işinə öz çıxışlarında yüksək qiymət vermişdir. Bununla əlaqədar olaraq sizi təbrik edirik. Sonda federasiyanın «Hər ailədə bir güləşçi» təşəbbüsünün icrasının nə yerdə olduğunu bilmək maraqlı olar…
- «Hər ailədə bir güləşçi» təşəbbüsünün icrası uğurla həyata keçirilir. Məqsəd böyük idmançılar hazırlamaqla bərabər, Azərbaycanın hər bir rayonunda sağlam düşüncəli, fiziki cəhətdən güclü gənclərin yetişməsinə nail olmaqdır.
######
