Narkotik vasitələrin fəsadları barədə maarifləndirici videoçarxlar televiziya kanallarında yayımlanır
Bakı, 19 oktyabr, AZƏRTAC
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun hazırladığı “Narkotik beyində silinməz izlər buraxır” ”Narkotik sərhədsiz fəlakətdir” adlı və sair maarifləndirici videoçarxlar, o cümlədən “802-Qaynar xətt” xidmətinin fəaliyyət istiqamətlərinə dair hazırlanmış sosial rolik bu ilin iyul-sentyabrında ölkə üzrə fəaliyyət göstərən televiziya kanallarında 8701 dəfə yayımlanıb.
Bu barədə AZƏRTAC-a Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.
Ümumilikdə cari ilin yanvar-sentyabr ayları ərzində narkotik vasitələrin fəsadları barədə maarifləndirici videoçarxlar televiziya kanallarında 20 min 239 dəfə nümayiş olunub.
Əlavə olaraq məlumat üçün bildirilir ki, 802 - qaynar xəttinə müraciət edənlər arasında aparılan müvafiq sorğu nəticəsində müəyyənləşdirilib ki, telefon zəng xidmətinin əlaqə nömrəsi əsasən televiziya kanalları vasitəsilə mütəmadi olaraq yayımlanan video çarxlardan və metropolitenin stansiyalarının platforma, keçid, vestibüllərində quraşdırılmış lövhələrdən əldə edilib.