Naxçıvan Dövlət Tarix Muzeyinə yeni eksponatlar təqdim edilib
Naxçıvan, 3 may, AZƏRTAC
Naxçıvan Dövlət Tarix Muzeyinə Babək rayonunun Nehrəm kənd sakini, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyev, Aşağı Buzqov kənd sakini Elman Bayramov, Naxçıvan şəhər sakinləri Hüseyn Kazımov və Rəcəb Rəcəbov tərəfindən qədim tariximizə, zəngin mədəniyyətimizə aid olan 241 yeni eksponat təqdim edilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu münasibətlə Naxçıvan Dövlət Tarix Muzeyində keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova muxtar respublikada mədəniyyət müəssisələrinə göstərilən dövlət qayğısından danışıb.
“Qədim diyarımızda muzeylərin fəaliyyətinin canlandırılması, yeni muzeylərin yaradılması sahəsində mühüm işlər görülür, bu mədəniyyət ocaqları muzeyşünaslığın yeni nailiyyətlərinə əsaslanaraq qurulur, Azərbaycan tarixinin yeni uğurlu səhifələri muzey ekspozisiyalarında əksini tapır”, - deyən Natəvan Qədimova bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində muxtar respublikada tarix-mədəniyyət abidələrinin qorunması, onların bərpası və konservasiyası son illər ərzində geniş vüsət alıb, yeni-yeni muzeylər istifadəyə verilib, maddi-texniki bazaları möhkəmləndirilib.
Qeyd edilib ki, bu gün Mədəniyyət Nazirliyinin tabeliyində 30 muzey və muzeytipli müəssisə fəaliyyət göstərir. Muxtar respublikanın muzeylərində xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən 140 mindən çox maddi-mədəniyyət nümunələri mühafizə olunur.
Diqqətə çatdırılıb ki, muxtar respublikada muzey fondlarının zənginləşdirilməsi, onların yeni eksponatlarla təmin olunması daim diqqət mərkəzində saxlanılır. Bu prosesdə muzeylərin əməkdaşları və muxtar respublika vətəndaşları yaxından iştirak edirlər. Ötən il muxtar respublika muzeylərinə 1564, bu ilin ilk 4 ayı ərzində isə 571 eksponat daxil olub.
Bildirilib ki, bu günədək muxtar respublikada fəaliyyət göstərən müxtəlif profilli muzeylərdə maddi-mədəniyyət nümunələrinin, qədim əlyazma və kitabların, rəsm əsərlərinin təqdimat mərasimləri keçirilib. Bu gün keçirilən təqdimat mərasimi isə öz spesifikasına görə fərqlənir. 1941-1945-ci illər müharibəsinin 74 illiyi ərəfəsində Vətənini qorumaq uğrunda bu müharibəyə qoşulmuş həmvətənlərimizin ailələri tərəfindən onlara məxsus şəxsi əşyaların muzeyə hədiyyə edilməsi bu sahədə görülən işlərə böyük töhfədir. Bu, həm də muzeylərimizə olan etimaddan irəli gəlir. İkinci Dünya müharibəsi veteranları Kazım Kazımovun və Qadir Rəcəbovun övladları Hüseyn Kazımov və Rəcəb Rəcəbov tərəfindən muzeyə təqdim olunan yeni eksponatlar muzeyin fondunun və ekspozisiyasının daha da zənginləşməsinə imkan verəcək.
Nazir mədəniyyətimizin və tariximizin təbliğinə göstərdiyi böyük diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə mədəniyyət işçiləri adından minnətdarlıq edib.
Tədbirdə Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nizami Rəhimov, eksponat təqdim edənlərdən Hüseyn Kazımov və Rəcəb Rəcəbov muxtar respublikadakı muzey ekspozisiyalarının zənginləşməsində bu cür təqdimatların keçirilməsinin əhəmiyyətindən danışıblar.