Naxçıvan karateçiləri “Çanaqqala” turnirində 7 medal qazanıblar
Naxçıvan, 17 avqust, AZƏRTAC
Türkiyədə “İstiqlal Marşı”nın qəbul edilməsinin 100-cü ildönümünə həsr olunmuş V Çanaqqala Açıq Beynəlxalq Karate Turnirində Naxçıvan Karate-do Federasiyasının idmançıları da iştirak ediblər.
Muxtar respublikanın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, qaydalara əsasən, idmançılar eyni anda müvafiq və bir üst kateqoriyada keçirilən kumite yarışlarında iştirak etmək imkanı qazanıblar. Təmsilçilərimiz bu fürsəti lazımi şəkildə dəyərləndirə biliblər. Turnirə qatılan 3 karateçimizdən hər biri uğurlu nəticə göstərərək adını mükafatçılar sırasına yazdırıb.
Naxçıvanlı idmançı Rafiq Hüseynli müvafiq çəki dərəcələri üzrə 10 yaşlılar arasında 1 qızıl, 1 gümüş və “11 yaş” kateqoriyasında 1 gümüş medal əldə edib, əlavə olaraq komanda tərkibində üçüncülük qazanıb. Nərgiz Həsənli isə 12 yaşlılar arasında (49+ kiloqram) birinciliyi əldə edərək qızıl medal qazanıb, özündən bir yaş böyüklərin yarışında isə 3-cü pillədə qərarlaşıb. Digər idmançımız Yaqub Qəmbərov 13 yaşlılar arasında bürünc medala layiq görülüb. Beləliklə, Naxçıvan karateçiləri beynəlxalq turniri 2 qızıl, 2 gümüş və 3 bürünc medalla tamamlayıblar.
Qeyd edək ki, ənənəvi yarışda 5 ölkə, 80-dən çox klub və vilayət təmsilçiləri olmaqla, ümumilikdə 500-dən çox idmançı iştirak edib. Yarışlar “kata” və “kumite” üzrə keçirilib.