Naxçıvan Muxtar Respublikası Prokurorluğunda ekoloji hüquqpozmalarla bağlı seminar
Bakı, 23 fevral, AZƏRTAC
Fevralın 23-də Naxçıvan Muxtar Respublikasının Prokurorluğunun təşkilatçılığı ilə “Ekoloji hüquqpozmalar - qanunsuz ağackəsmə, yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma hallarının araşdırılması” mövzusunda seminar keçirilib.
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, seminarda Muxtar Respublika Prokurorluğu və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən ekoloji hüquqpozmaların aşkarlanması, araşdırılması, bu sahədə nəzarətin təşkili, ekoloji tarazlıq və təhlükəsizliyin təmin olunması, təbii ekoloji sistemlərə təsərrüfat və başqa fəaliyyətin zərərli təsirinin qarşısının alınması, ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması, profilaktikası, təbii ehtiyatlardan səmərəli istifadə, ətraf mühitin mühafizəsi sahəsində qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi və digər mövzular üzrə ətraflı çıxışlar edilib, səmərəli müzakirələr aparılıb.