NAXÇIVAN MUXTAR RESPUBLİKASININ ALİ MƏCLİSİNDƏ GÖRÜŞ
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov İran İslam Respublikası energetika nazirinin müavini, “Təvanir” şirkətinin rəisi Höccət Məsudun başçılığı ilə Naxçıvana gəlmiş nümayəndə heyəti ilə görüşmüşdür.
Qonaqları səmimi salamlayan Ali Məclisin sədri dövlətimizin başçısı Heydər Əliyevin ötən ilin may ayında İran İslam Respublikasına səfərindən sonra ölkələrimiz arasında qarşılıqlı əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu, Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın bölgələri arasında mehriban dostluq münasibətlərinin davam etdirilməsi üçün heç bir problemin olmadığını, muxtar respublikanın enerji təchizatının yaxşılaşdırılması istiqamətində qarşılıqlı əlaqələrin böyük əhəmiyyətini vurğulamışdır.
Mehribanlıq və səmimilik şəraitində keçən görüşdə İran İslam Respublikasının 2003-cü ilin oktyabr ayından etibarən Naxçıvana verdiyi elektrik enerjisindən əlavə, Culfa istiqamətindən 30 meqavat elektrik enerjisi ötürməsi qərara alınmışdır.
Bu məqsədlə 2003-cü ilin oktyabr ayına qədər Culfa şəhərində 63 meqavat gücündə yardımçı transformator stansiyası quraşdırılacaqdır. Culfa istiqamətinə verilən enerjini 2004-cü ilin mart ayına qədər 50 meqavatadək artırmaq üçün 132 kilovoltluq Xoy-Culfa xəttinin çəkilişi başa çatdırılacaqdır.
Digər texniki məsələlər isə hər iki tərəfin nümayəndələrinin iştirakı ilə Tehranda razılaşdırılacaqdır.
Axırda “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev, İran İslam Respublikası energetika nazirinin müavini, “Təvanir” şirkətinin rəisi Höccət Məsud və Naxçıvan Muxtar Respublikası Energetika İdarəsinin rəisi Yasin Səfərov razılaşma protokolu imzalamışlar.
Görüşdə İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Seyid Əbülfəze Tahəvi iştirak etmişdir.