Naxçıvan Muxtar Respublikasının yaradılması böyük tarixi nailiyyətdir
Naxçıvan, 7 fevral, AZƏRTAC
Tarixi proseslərə nəzər salsaq bir daha görərik ki, Naxçıvanın ərazisi kimi, onun muxtariyyət statusu zaman-zaman məkrli erməni həmlələrinə məruz qalıb. 1990-cı ilin iyul ayında görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvana gəlməsi, burada yaşayıb siyasi fəaliyyət göstərməsi muxtar respublika ərazisini işğaldan, muxtariyyətini isə ləğv olunmaq təhlükəsindən xilas edib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, AMEA Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 96-cı ildönümü münasibətilə “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda keçirilən elmi konfransda bu barədə danışılıb.
Bölmənin sədri, akademik İsmayıl Hacıyev Аzərbаycаnın ayrılmaz tərkin hissəsi olan Naxçıvan Muxtar Respublikasının mürəkkəb tarixi inkişaf yolundan, 1924-cü il fevralın 9-da ölkəmizin dövlətçilik tariximizdə baş vermiş mühüm hadisədən - Naxçıvan Muxtar Respublikasının yaradılmasından danışıb. Bildirib ki, Naxçıvanın Azərbaycanın tərkibində muxtariyyət statusu Türkiyə ilə Rusiya arasında bağlanılan Moskva müqaviləsi ilə rəsmiləşdirilib. Müqavilənin müddətsiz bağlanması onun tarixi əhəmiyyətini daha da artırıb.
“1993-cü ildə ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə müstəqil dövlətçiliyimiz möhkəmləndirilib, Naxçıvanın sosial-iqtisadi inkişafı təmin edilib, muxtariyyət qorunub saxlanılıb. Ulu Öndərin Naxçıvanla bağlı verdiyi sərəncamlar, onun Naxçıvanın ərazi bütövlüyü və təhlükəsizliyi üçün gördüyü işlər, bu diyara tarixi səfərləri, muxtariyyət statusunun hüquqi cəhətdən möhkəmləndirilməsi və digər tədbirlərin həyata keçirilməsi muxtar respublikanın hərtərəfli inkişafını təmin edib”, - deyən akademik bildirib ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasət Prezident İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən uğurla davam etdirilir. Bu gün Naxçıvan Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsinə və hərtərəfli inkişafına öz layiqli töhfəsini verir.
Konfransda bölmə əməkdaşları tərəfindən Naxçıvan Muxtar Respublikasının muxtariyyəti ilə bağlı tədqiqatların aparıldığı, məqalələr hazırlandığı, elmi konfrans və interaktiv açıq dərslərin təşkil edildiyi diqqətə çatdırılıb. Bildirilib ki, 2020-ci ildə də bu istiqamətdə tədbirlər davam etdiriləcək.
Daha sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimovun “Muxtariyyət ərəfəsində Naxçıvanda ictimai-siyasi vəziyyət”, həmin institutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin “Moskva və Qars müqavilələri Naxçıvan Muxtar Respublikasının yaradılması”, kiçik elmi işçi Nilufər Ağayevanın “Naxçıvan Muxtar Respublikasının inkişaf yolu” mövzusunda məruzələri dinlənilib.