Naxçıvan regionun vacib geoiqtisadi mərkəzlərindən birinə çevrilməkdədir - ŞƏRH
Bakı, 13 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının inkişafi hər zaman həm Ulu Öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin diqqət mərkəzində olub. Uzun müddət blokadada yaşayan Naxçıvana Ümummili Liderimizin, daha sonra dövlətimizin başçısının qayğısı Naxçıvanın iqtisadi inkişafının, eyni zamanda, sosial təminatının qorunmasını şərtləndirir.
Bu fikirləri AZƏRTAC-a açıqlaması zamanı deputat Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, hazırda dövlət başçısının siyasi iradəsi nəticəsində regionda yeni nizam formalaşıb.
“Bu nizam həm də Naxçıvanın mövqeyinin daha da güclənməsinə səbəb olacaq. Naxçıvan regionun vacib geoiqtisadi mərkəzlərindən birinə çevrilməkdədir. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanın inkişafı, o cümlədən nəqliyyat-logistikanin genişlənməsi ölkəmizdə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri olub. Nəzərə alsaq ki, Zəngəzur və “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” layihəsinin (TRIPP) reallaşması ilə bağlı işlər gedir, yeni mərhələdə Naxçıvanın logistik və nəqliyyat imkanlarının daha da genişlənməsini müşahidə edəcəyik. Bu isə Naxçıvanı Cənubi Qafqazda ən mühüm geosiyasi mərkəzlərden birinə gətirib çıxaracaq. Zəngəzur dəhlizi və TRIPP yalnız Orta Dəhlizdə deyil, həm də Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə inteqrasiya olunacaq. Bu isə Naxçıvan vasitəsilə yalnız ənənəvi yüklərin deyil, həm də innovativ məhsulların Türkiyə və dünya bazarına çıxarılmasına imkan yaradacaq.
Növbəti mərhələdə Naxçıvan vasitəsilə həm də elektrik enerjisinin ixracının həyata keçirilməsi gözlənilir. Bu, Azərbaycan və Naxçıvanın ixracatının diversifikasiyasına imkan yaradacaq. 2026-cı ildən Naxçıvanda on il müddətində genişmiqyaslı vergi və digər təşviq güzəştləri tətbiq olunur ki, bu da Naxçıvanda sahibkarlığın dövlət tərəfindən daha yaxından dəstəklənməsinə və bu bölgənin iqtisadiyyatının sürətlənməsinə xidmət edəcək”, - deyə V.Bayramov əlavə edib.