Naxçıvanda dövlət qulluğuna qəbulun müsahibə mərhələsi başlayıb
Naxçıvan, 21 noyabr, AZƏRTAC
Dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqənin müsahibə mərhələsi başlayıb. Müsahibəyə hazırlıq məqsədilə noyabrın 15-də muxtar respublikanın Dövlət İmtahan Mərkəzində 19 müstəqil ekspert və 25 dövlət orqanını təmsil edən nümayəndələrin iştirakı ilə seminar keçirilib.
Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, müsahibə qrupunun tərkibinə müstəqil ekspertlər, mərkəzin və dövlət orqanlarının nümayəndələri daxildir. Müsahibə zamanı namizədlərə ixtisasına, iddia etdiyi vəzifənin qulluq funksiyasına, peşə hazırlığına və dünyagörüşünə uyğun suallar verilir. Obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə müsahibə prosesinin videoçəkilişi aparılır.
Müsahibə başa çatdıqdan dərhal sonra namizədə yekun bal arayışı hazırlanır və şəxsi işinə əlavə olunur. Qanunvericiliyə uyğun olaraq keçid balını toplamış namizəd haqqında məlumatlar mərkəzin müşayiət məktubu ilə müvafiq dövlət orqanına təqdim edilir. Müsahibənin nəticələri haqqında məlumatlar mərkəzin rəsmi internet portalında (www.dim.nmr.az) yerləşdirilir.
Qeyd edək ki, müsabiqəyə 30 dövlət orqanı tərəfindən çıxarılan 119 vakant vəzifənin tutulması üçün 724 namizəd sənəd təqdim edib. Test mərhələsində iştirak edən 692 namizəddən 321-i müvafiq keçid balını toplayıb.
Müsahibə mərhələsində iştirak etmək üçün 337 namizəd qeydiyyatdan keçib. Həmçinin əvvəlki müsabiqələrdə qanunvericiliklə müəyyən edilmiş keçid balını toplamış və inzibati vəzifə üzrə sertifikat əldə etmiş 26 namizədin müraciəti nəzərə alınaraq onların müsahibə mərhələsində iştirakları təmin olunub. Ən sıx müsabiqə vəziyyəti muxtar respublikanın Təhsil Nazirliyinin Məktəbdənkənar təhsil sektorunun aparıcı məsləhətçisi vəzifəsi üzrə yaranıb - 34 namizəd. İkinci yerdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin məsləhətçisi vəzifəsi gəlir. Bu vəzifənin tutulması üçün 18 namizəd mübarizə aparacaq.
Dövlət orqanlarının mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi vəzifələrinin tutulması üçün isə mübarizəyə 12 namizəd qatılıb. Dövlət orqanları üzrə müsahibələr mərkəzin rəsmi internet portalında yerləşdirilmiş qrafikə uyğun olaraq dekabrın 10-na kimi davam edəcək.