Naxçıvanda dövlət qurumlarının əməkdaşları arasında şahmat yarışı keçirilib
Naxçıvan, 19 yanvar, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları arasında 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş şahmat birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Naxçıvan Şahmat Mərkəzində reallaşan yarışda 40 iştirakçı mükafatlar uğrunda mübarizə aparıb.
Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra yarışa start verilib. Birincilik İsveçrə sistemi üzrə 7 turdan ibarət olub. Nəticələrə əsasən Müslüm Abbasov 6 xalla kişilər arasında birinci yeri qazanıb. Eyni xala malik Yunis Xəlilov əmsal baxımından ikinci yerə layiq görülüb. Mətləb Məhərrəmli 5,5 xalla üçüncü yerə sahib çıxıb. Qadınlarda isə Çinarə Rzayeva (5 xal) birinci olub. Aytac Mahmudova (3,5 xal) və Nurcahan Məmmədova (3,5 xal) yarışı müvafiq olaraq ikinci, üçüncü yerlərdə tamamlayıblar.
İlk üç yerin sahibləri diplom, medal və hədiyyələr, o cümlədən ilk beşliyə daxil olan digər iştirakçılar fəxri fərmanla mükafatlandırılıblar.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Məcid Seyidov iştirakçıları təbrik edərək vurğulayıb ki, bu cür yarışların təşkili dövlət qurumlarında çalışan əməkdaşların zehni və intellektual inkişafı, sağlam həyat tərzinə təşviqi baxımından əhəmiyyətlidir.