Naxçıvanda həyata keçirilən “Könüllü jurnalist” layihəsinin ilk könüllülər qrupunun üzvləri seçilib
Naxçıvan, 27 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi və Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi tərəfindən həyata keçirilən “Könüllü jurnalist” layihəsinin ilk könüllülər qrupuna bilik və bacarıqları nəzərə alınaraq 10 gənc seçilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, seçilmiş könüllü jurnalistlər 6 ay ərzində onlar üçün təşkil olunacaq təlim, seminar və digər tədbirlərdə iştirak edəcək, jurnalistika peşəsini hərtərəfli öyrənəcəklər.
Uzun müddət davam edəcək layihə çərçivəsində altı aydan bir yeni könüllülər qrupu yaradılacaq.
Qeyd edək ki, “Könüllü jurnalist” layihəsi Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq muxtar respublikada könüllülük fəaliyyətinin daha da genişləndirilməsi, jurnalistika sahəsində könüllülük fəaliyyətinin təmin olunması məqsədilə keçirilir.