Naxçıvanda mühasiblər arasında ilk dəfə keçirilən müsabiqənin nəticələri müəyyənləşib
Naxçıvan, 8 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi tərəfindən ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş “Yeni dövrün ən yaxşı mühasibi” müsabiqəsi keçirilib.
Mərkəzdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan Dövlət Universitetinin dəstəyi ilə Beynəlxalq münasibətlər və hüquq fakültəsində keçirilən müsabiqədə muxtar respublikanın müəssisə və təşkilatlarında çalışan maliyyə-mühasibat işçiləri, ali təhsili müəssisələrinin tələbələri və bu sahəyə marağı olan şəxslər də daxil olmaqla, onlayn qeydiyyatdan keçmiş 45 nəfər iştirak edib.
Əvvəlcə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova çıxış edərək, il ərzində mərkəzdə tətbiq olunan yeniliklərdən danışıb. Qeyd edib ki, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş inkişaf strategiyasını yeni mərhələdə uğurla davam etdirən Prezident İlham Əliyevin ötən illər ərzində həyata keçirdiyi çoxşaxəli islahatlar iqtisadiyyatın müxtəlif sahələrində olduğu kimi, mühasibat uçotu sahəsində də ənənəvi uçot sisteminin təkmilləşdirilməsi və yenidən qurulması ilə nəticələnib. Bu isə öz növbəsində mühasiblərin bilik və bacarıqlarının beynəlxalq tələblərə cavab verməklə artırılmasını zəruri edib. Keçirilən müsabiqənin əsas məqsədi də yeni dövrün tələblərinə cavab verən mühasiblər arasında rəqabətin artırılmasına şərait yaratmaq və əmək bazarında mühasib peşəsinə olan marağı stimullaşdırmaqdan ibarətdir.
Sonra uğurlu mühasib olmağın yollarını əks etdirən stimullaşdırıcı videoçarx nümayiş etdirilib, mühasibat uçotu üzrə test imtahanı keçirilib. 35 sualdan ibarət olan imtahan tələbə və maliyyə-mühasibat işçilərinin bilik səviyyəsinə uyğun olaraq iki fərqli test nümunəsi əsasında təşkil edilib. Bu suallar açıq və qapalı olmaqla, həm nəzəri, həm də praktiki məsələləri özündə birləşdirib. Qiymətləndirmə sualların çətinlik dərəcəsinə görə aparılıb.
Tələbə və mühasiblər arasında ən yüksək nəticə göstərən ilk üç yerin qalibinə diplom, sertifikat və hədiyyələr təqdim olunub.
Növbəti gün Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində Maliyyə Tədris Mərkəzinin əməkdaşı Pərviz Babayevin təqdimatında maarifləndirici seminar keçirilib. “Mühasib peşəsinin incəlikləri” mövzusunda keçirilən seminarda mühasib peşəsinin üstünlükləri, günümüzdə mühasiblərdən tələb olunan bacarıqlar, mühasibin qarşısında duran vəzifələrə dair təqdimat olub, imtahan suallarına izah verilib, mübahisəli məsələlərə aydınlıq gətirilib.