Naxçıvanda “Snowfest – Qış festivalı” keçirilir
Naxçıvan, 31 dekabr, AZƏRTAC
Naxçıvan şəhərində “Snowfest – Qış festivalı” keçirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Heydər Əliyev prospektindəki Yeni il şəhərciyi orijinal dizaynda, rəngarəng işıqlandırma sistemləri və dekorlarla bəzədilib, burada şəhərin ən böyük yolkası quraşdırılıb.
Yeni il şəhərciyinin ümumi ab-havasına uyğun quraşdırılan köşklərdə isə muxtar respublika sakinlərinə və qonaqlara iaşə xidmətləri göstərilir.
İaşə köşklərində təqdim olunan məhsullarla tanış olan səlahiyyətli nümayəndəyə məlumat verilib ki, muxtar respublikada fəaliyyət göstərən istehsal və iaşə obyektlərində, eləcə də bölgələrdə fəaliyyət göstərən ailə təsərrüfatları tərəfindən hazırlanan müxtəlif məhsullar, həmçinin əl işləri və oyuncaqlar festival iştirakçılarına təqdim olunur. Yolkanın ətrafında uşaqlar üçün “face art” və digər müxtəlif əyləncəli oyunlar təşkil olunub.
Ənənəyə uyğun olaraq, bu il də tədbirdə qurulan dilək yolkasında Ordubad şəhər internat tam orta məktəbində təhsil alan şagirdlərin Yeni il arzuları yer alıb.