Naxçıvanda sosial qayğıya ehtiyacı olan insanlar diqqət mərkəzində saxlanılırlar
Naxçıvan, 23 noyabr (AZƏRTAC). Naxçıvan Muxtar Respublikası (MR) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminatı Xidməti cari ilin doqquz ayında aztəminatlı ailələrin sosial müdafiəsi, ahıl və sağlamlıq imkanları məhdud şəxslərin sosial-tibbi reabilitasiyası, texniki bərpa vasitələri və protez-ortopediya məmulatları ilə təminatı, eyni zamanda, onların sanatoriya və kurortlarda müalicələrinin təşkili, cəmiyyətə inteqrasiyası, habelə asudə vaxtlarının səmərəli təşkili istiqamətində tədbirlər görmüşdür. Bu dövrdə bütün növ müavinətlərə və ünvanlı dövlət sosial yardıma 8 milyon 677 min 994 manat vəsait sərf olunmuşdur.
Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin yanvar-sentyabr aylarında 539 tənha ahıl və əlilə evlərində sosial-məişət xidməti göstərilmişdir. Əlillərin bərpa mərkəzində sağlamlıq imkanları məhdud 190 şəxsin, Uşaq bərpa mərkəzində 18 yaşadək sağlamlıq imkanları məhdud 185 uşağın müalicəsi təşkil olunmuş, eyni zamanda, onurğa xəstəlikləri olan məhdud fiziki imkanlı 9 şəxs Ukraynanın Saki şəhərində, 16 uşaq isə Evpatoriya şəhərində fəaliyyət göstərən sanatoriyalara müalicəyə göndərilmişdir. Həmin dövrdə məhdud fiziki imkanlı 45 şəxsin, o cümlədən sağlamlıq imkanları məhdud 35 uşağın Ağbulaq İstirahət Mərkəzində istirahəti təşkil olunmuşdur.
Sağlamlıq imkanları məhdud vətəndaşların 78 nəfərinə istirahət üçün göndəriş verilmiş, 270 nəfər müxtəlif texniki bərpa vasitələri ilə təmin olunmuş, 143 nəfərə protez-ortopedik xidməti göstərilmişdir. Muxtar respublikada əlillərə göstərilən yüksək diqqət və qayğının ifadəsi kimi müvafiq kateqoriyadan olan sağlamlıq imkanları məhdud 30 şəxs minik avtomobili ilə təmin olunmuşdur.
Əlamətdar günlərdə keçirilən görüşlərdə, ümumilikdə, 1537 ahıl və sağlamlıq imkanları məhdud şəxsə bayram sovqatı və hədiyyələr verilmişdir. Sosial xidmətə ehtiyacı olan tənha ahıllar da diqqətdən kənarda qalmamış, onlar evlərində ziyarət olunmuş, problemləri həll edilmişdir.
Məhdud fiziki imkanlı şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların istedadlarının üzə çıxarılması, onların cəmiyyətə inteqrasiyası, intellektual səviyyələrinin inkişaf etdirilməsi, habelə asudə vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə “Naxçıvan tarixi abidələr diyarıdır” rəsm müsabiqəsi, “Yurdumuzu tanıyırıq” bilik yarışı keçirilmişdir. Naxçıvan MR Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “Yay etüdləri” sərgisi təşkil olunmuşdur.
Məhdud fiziki imkanlılara göstərilən sosial xidmətlər günbəgün genişlənir və təkmilləşir. Bu istiqamətdə görülən tədbirlərin davamı kimi məhdud fiziki imkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində eşitmə və danışma məhdudiyyəti olanlar üçün daktilo əlifbası (əl əlifbası) üzrə dərslər təşkil edilmişdir. Eyni zamanda, mərkəzdə 429 görmə və 242 eşitmə qabiliyyəti məhdud şəxslər üçün audio və elektron kitabxana xidməti istifadəyə verilmişdir.