Naxçıvandakı liseylərə qəbul imtahanları keçirilib
Naxçıvan, 29 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və “İstedad-XXI əsr” kurslarının birgə təşkilatçılığı ilə Naxçıvan Qızlar Liseyinə və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbul imtahanları keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Qızlar Liseyində oxumaq istəyən şagirdlərə Azərbaycan dili, riyaziyyat və məntiqdən 70, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə imtahan verən şagirdlərə isə Azərbaycan dili, riyaziyyat, tarix, biologiya, fizika, coğrafiya və ingilis dilindən ümumilikdə 100 test təqdim olunub. İmtahana 30 nəzarətçi-müəllim cəlb edilib, sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılıb. Nəticələr www.istedad21.com internet saytında açıqlanacaq.
Muxtar respublikanın şəhər və rayonlarından cari ildə VI sinifdə oxuyan 285 şagird sənədlərini Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə, 213 nəfər IV sinif şagirdi isə sənədlərini Naxçıvan Qızlar Liseyinə təqdim edib.
Qeyd edək ki, muxtar respublikanın ümumtəhsil məktəblərinin II-IV və IX-XI sinif şagirdləri arasında test-sınaq imtahanı keçirilib.