Naxçıvanlı gənclər şəhid ailələri ilə görüşüblər
Culfa, 6 avqust, AZƏRTAC
12 Avqust - Beynəlxalq Gənclər Günü ilə bağlı təsdiqlənmiş tədbirlər planına uyğun olaraq muxtar respublikanın Gənclər və İdman Nazirliyi ilə Gənclər Fondunun əməkdaşları və bir qrup könüllü gənc Culfa rayonunda yaşayan şəhid ailələrini ziyarət ediblər.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Camaldın kəndində şəhidlərimiz - Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının kapitanı Şamil Babayevin və leytenant Hafis Qasımovun, daha sonra Yaycı kəndindən olan şəhidlərimiz Daşqın Rzalının və Sahib Məmmədovun ailə üzvləri ilə görüşüb, şəhidlərimizin keçdiyi döyüş yolundan, qəhrəmanlıqlarından söz açıblar. İştirakçılara şəhidlərimizin xidməti fəaliyyəti, təltif edildikləri orden və medallar barədə məlumat verilib. Ailə üzvləri şəhidlərimizlə bağlı xatirələrini bölüşüblər. Sonra şəhid məzarları ziyarət edilib, onların ruhuna dualar oxunub.
Gənclər və İdman Nazirinin müavini Məcid Seyidov və Gənclər Fondunun direktoru Cəbi Quliyev görüşlər zamanı şücaətli, cəsur, eyni zamanda vətənpərvər övlad yetişdirdikləri üçün şəhid valideynlərinə dərin minnətdarlıqlarını bildiriblər. Vurğulanıb ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbə dövlət-xalq-ordu birliyinin parlaq təcəssümüdür. Sözsüz ki, zəfər yolunda gözünü qırpmadan döyüşə atılan gənc nəsli də xüsusi qeyd etmək lazımdır. Ölkəmizdə, eləcə də onun ayrılmaz hissəsi muxtar respublikada ordu quruculuğuna xüsusi diqqət yetirilir. Bunun nəticəsidir ki, Azərbaycan Ordusu yüksək hazırlıqlı, peşəkar zabit və əsgər heyəti ilə hərb tarixinə qızıl hərflərlə yazılan uğurlu döyüş əməliyyatları aparıb.
Bildirilib ki, qəhrəman övladların - şəhidlərimizin həyatı, keçdiyi döyüş yolları hər vətəndaşa, xüsusilə də gənclərimizə örnəkdir. Belə tədbirlərin təşkil olunmasında məqsəd şəhid ailələrinin yanında olmaq, onlara mənəvi dəstək göstərmək, həm də gənclərimizin qəhrəmanlarımızı daha yaxından tanımasına, vətənpərvərlik ruhunda formalaşmasına zəmin yaratmaqdır.