Nazir müavini Ağsu və Tərtərdən olan vətəndaşlarla görüşüb, istixana təsərrüfatına baxış keçirib
Bakı, 29 iyun, AZƏRTAC
Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov iyunun 29-da Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) binasında Ağsu və Tərtər rayonlarından olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, qəbulda vətəndaşların müraciətləri əsasən işlə təminat, subsidiya, işğaldan azad olunmuş ərazilərdə torpaq sahəsinin ayrılması və digər məsələlərlə bağlı olub. Nazir müavini Elçin Zeynalov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Elçin Zeynalov vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonra nazir müavini Göyçay DAİM-in kollektivi ilə görüşüb, iş prosesinin təşkili ilə maraqlanıb, öz tövsiyə və tapşırıqlarını verib.
Daha sonra Elçin Zeynalov Göyçay rayonunun Yalman kəndində fermer Nicat Əbdürəhimova məxsus istixana təsərrüfatı və meyvə bağına baxış keçirib, fermerlərlə görüşüb. Görüşdə aqrar sektorda innovativ texnologiyaların tətbiqi, fermerlərə göstərilən aqrar xidmətlər və aqrar sahənin digər aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb, təsərrüfatların daha da inkişaf etdirilməsi ilə bağlı müvafiq məsləhət və tövsiyələr verilib. Həmçinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın prioritet istiqamətləri, aqrar istehsalın səmərəliliyinin artırılması, innovativ texnologiyaların tətbiqi ilə bağlı nəzərdə tutulan tədbirlər barədə ətraflı bəhs olunub.