NAZİRLƏR KABİNETİNDƏ GÖRÜŞ
Azərbaycan hökumətinin başçısı vurğulamışdır ki, Polşanın mötəbər nümayəndə heyətinin ölkəmizə səfəri qarşlıqlı surətdə faydalı əlaqələrin inkişafı üçün stimul olacaqdır. Azərbaycanla Polşa arasında siyasi əməkdaşlığın yüksək səviyyəsindən danışan Baş nazir ölkəmizin mövqeyini beynalxalq təşkilatlarda dəstəklədiyi üçün bu ölkənin rəhbərliyinə minnətdarlığını bildirmişdir. Artur Rasizadə ölkələrimiz arasında əmtəə dövriyyəsi səviyyəsinin yüksəldilməsinin vacibliyini vurğulayaraq, iqtisadi əməkdaşlığı dərinləşdirmək məqsədi ilə hökumətlərarası komissiya yaradıldığını, müvafiq qanunverici bazanın formalaşdığını xatırlatmışdır.
A.Rasizadə Polşa nümayəndə heyətinin üzvlərinə milli iqtisadiyyatımızın uğurları, regionda həyata keçirilən qlobal enerji və nəqliyyat layihələri barədə ətraflı məlumat vermişdir.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi probleminə də toxunulmuş, bu münaqişənin tezliklə həllinin vacibliyi vurğulanmışdır.
Senatın sədri Boqdan Boruseviç Azərbaycanın regiondakı liderliyini qeyd edərək bildirmişdir ki, enerji təhlükəsizliyini təmin etmək istəyən Polşa neft və qaz sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır. O demişdir ki, Polşanın işgüzar dairələri Azərbaycan biznesmenləri ilə əlaqələri fəallaşdırmaq niyyətindədirlər. Onun fikrincə, noyabrın 8-də Bakıda açılan Polşa milli sərgisi qarşılıqlı əlaqələrin genişlənməsi üçün daha bir təkan olacaqdır.