NAZİRLƏR KABİNETİNDƏ QƏBUL
Fevralın 27-də baş nazir Artur Rasizadə müdafiə naziri Sergey İvanov başda olmaqla Rusiya nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan hökumətinin başçısı qonaqları salamlayaraq, Rusiya Federasiyası hərbi idarəsi rəhbərinin Azərbaycana səfərinin böyük əhəmiyyəti olduğunu vurğuladı.
Artur Rasizadə Rusiya nazirinin iş cədvəlinin gərgin olmasına baxmayaraq, ölkələrimiz arasında hərbi-texniki əməkdaşlıq haqqında mühüm sazişi imzalamaq üçün vaxt tapıb Bakıya gəldiyinə görə ona təşəkkürünü bildirdi və dedi ki, Azərbaycan bu səviyyədə səfərləri bütün sahələrdə - siyasət, iqtisadiyyat və təbii olaraq, hərbi-texniki əməkdaşlıq sahəsində qarşılıqlı surətdə faydalı münasibətlərimizin mühüm mərhələsi kimi qiymətləndirir.
Baş nazir bildirdi ki, Azərbaycan Rusiyada baş verən hadisələri diqqətlə izləyir və ölkə rəhbərliyinin əldə etdiyi uğurlardan sevinir. Ölkəmiz son vaxtlar iki qonşu dövlət arasında yaranmış xoş münasibətlərdən məmnundur. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ölkəmizə rəsmi səfəri və Azərbaycan Prezidenti Heydər Əliyevin Rusiyaya dövlət səfəri bu münasibətlərə xüsusi təkan vermişdir. İndi bütün sahələrdə münasibətlərin yaxşılaşdığı müşahidə edilir. Bu səfərlər zamanı mühüm sənədlər, daha sonra isə Xəzər dənizinə və Qəbələ RLS-ə dair mühüm sənədlər imzalanmışdır. Bütün bunlar bizim strateji mənafelərimizə uyğundur. Biz həmişə Rusiya ilə tərəfdaşlıq, dostluq və ən sıx əməkdaşlıq münasibətləri qurulması mövqeyində durmuşuq və bu gün də dururuq.
Rusiyanın müdafiə naziri Sergey İvanov səmimi qəbula görə təşəkkürünü bildirərək vurğuladı ki, son iki ildə Rusiya-Azərbaycan münasibətləri bir çox istiqamətlərdə inkişaf etmişdir, halbuki bu münasibətlər əvvəlki bütün 10 ildə belə inkişaf tapmamışdı. Nazir xatırlatdı ki, təkcə onun özü son iki ildə altı dəfə Azərbaycana gəlmişdir. Onun fikrincə, hərbi-texniki əməkdaşlıq haqqında sənədlər imzalandıqdan sonra ölkələrimiz arasında münasibətlər keyfiyyətcə daha yüksək səviyyəyə qalxacaqdır. Rusiya naziri dedi: Azərbaycan, sadəcə olaraq, qonşumuz deyildir, həm də dostiumuz və tarixən qırılmaz surətdə bağlı olduğumuz bir dövlətdir. O, son vaxtlar imzalanmış sənədlərin rolunu yüksək qiymətləndirərək bildirdi ki, iki ölkənin müdafiə nazirlərinin imzaladıqları saziş Azərbaycanla Rusiya arasında bir çox illər ərzində hərbi, hərbi-texniki sahədə və kadrlar hazırlanmasında münasibətlərin daha da inkişafı üçün mühüm hüquqi zəmindir.
Qəbulda Rusiyanın Azərbaycandakı səfiri Nikolay Ryabov iştirak edirdi.