NAZİRLƏR KABİNETİNİN İCLASINDA QARŞIYA QOYULMUŞ VƏZİFƏLƏR QAXDA GENİŞ MÜZAKİRƏ EDİLMİŞDİR
Şura iclasında 2006-cı ilin birinci yarısının yekunları barədə hesabat məruzəsi ilə çıxış edən Qax Rayon İcra Hakimiyyətinin başçısı Abbas Göyüşov iyulun 31-də Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyevin giriş və yekun nitqlərində qeyd olunan məsələlər, habelə ölkəmizin başçısının əlaqədar nazirliklər və yerli icra orqanları qarşısında qoyduğu tələb və vəzifələr barədə ətraflı məlumat vermiş, Qax rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı tədbirlərdən danışmışdır.
Qeyd olunmuşdur ki, 2006-cı ilin birinci yarısında rayonda 11 milyon 361 min manat məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,5 faiz çoxdur. İlin birinci yarısında rayonda sənaye məhsulu istehsalı keçən ilin eyni dövrünə nisbətən 2,1 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 15,8 faiz, tikinti-quraşdırma işləri 2,3 dəfə, ticarət və iaşə xidmətlərinin həcmi 14,9 faiz artmışdır.
Natiq bildirmişdir ki, hesabat dövründə rayonda istehsal edilmiş ümumi sənaye məhsulunun 32 faizi dövlət, 68 faizi isə özəl bölmənin payına düşür. Rayonda sənayenin, xüsusilə də emal sənayesinin inkişafı üçün kifayət qədər xammal ehtiyatı vardır. Təəssüflər olsun ki, əvvəlki illərdə rayonun sənaye potensialının əsasını təşkil edən “Qax-Taxıl”, “Qax-Tütün”, “Qax-Konserv” və “Qax-İstehsalat” açıq səhmdar cəmiyyətlərinin indiyədək öz fəaliyyətlərini qura bilməməsi sənaye məhsulu istehsalının sürətli artımına xeyli maneçilik törədir.
Qeyd olunmuşdur ki, iqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsulları istehsalı təşkil edən Qax rayonunda heyvandarlığın inkişafına diqqət ildən-ilə artır. Hesabat dövründə rayonda qaramalın sayı 155 baş artaraq 26 min 147 başa, davarların sayı isə 1075 baş artaraq 113 min 233 başa çatmışdır. Bitkiçilik sahəsində isə qərzəkli meyvəçiliyin inkişafına xüsusi diqqət yetirilmişdir. Cari ilin 6 ayında rayonda 300 hektardan artıq sahədə yeni fındıq bağları salınmış, mövcud 3764 hektar bar verən fındıq bağlarına yüksək səviyyədə aqrotexniki xidmət göstərilmişdir.
Məruzədə qeyd edilmişdir ki, rayonun kənd təsərrüfatında müsbət nailiyyətlərlə yanaşı, nöqsanlar da mövcuddur. Taxıl istehsalının ildən-ilə azalması xüsusilə narahatlıq doğurur. Cari ildə rayonda taxıl əkini sahələri əvvəlki illə müqayisədə 3224 hektar, dənli və dənli paxlalılar əkilən sahələr isə 3331 hektar azalmışdır. Rayonda indiyədək yüksək reproduksiyalı toxum istehsalı ilə məşğul olan toxumçuluq müəssisəsi yaradılmamışdır. Respublikanın əlaqədar orqanları bu sahənin təşkili üçün maliyyə vəsaitinin, güzəştli kreditin ayrılmasına kömək göstərmir. Bundan əlavə, mövcud texnikanın, kombayn və traktorların gücündən lazımınca istifadə olunmaması taxıl istehsalının genişləndirilməsinə mənfi təsir göstərir.
Dövlət Proqramına uyğun olaraq, rayonda tütünçülüyün inkişaf etdirilməsi, qiymətli və keyfiyyətli tütün sortlarının yetişdirilməsi sahəsində də ciddi nöqsanlar mövcuddur. “Qax-Tütün” ASC-nin yerli ərazi vahidlərində tütünçülüklə məşğul olan əhali ilə qarşılıqlı işi olduqca aşağı səviyyədədir. Tütünçülər səhmdar cəmiyyət tərəfindən yüksək keyfiyyətli tütün toxumları ilə təmin olunmurlar. Bütün bunlar isə son nəticədə rayonda tütünçülüyün inkişaf etdirilməsinə mənfi təsir göstərir.
Daha sonra icra başçısı rayonun təbii qaz, elektrik enerjisi və su təchizatı sahəsində görülən işlərdən danışmış, problemlərə toxunmuşdur.
Məruzə ətrafında çıxışlardan sonra Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyevin nitqlərindən irəli gələn vəzifələrin, ölkəmizin başçısının tapşırıq və göstərişlərinin yerinə yetirilməsini təmin etmək üçün əlaqədar müəssisə və təşkilatların rəhbərlərinə konkret tapşırıqlar verilmişdir.
Sonda iclas iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.