ELM VƏ TƏHSİL
NDU-nun tələbələri xaricdə təhsil imkanları barədə məlumatlandırılıb
Bakı, 11 yanvar, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin (NDU) tələbələri ilə Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində xaricdə təhsil imkanları barədə onlayn görüş təşkil edilib.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə agentliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin nümayəndələri Niftalı Qasımlı və Mehriban Fətullayeva Macarıstanda təhsil barədə təqdimatla çıxış edərək HTP-nin üstünlükləri, tərəfdaş ölkələr və proqram iştirakçıları barədə statistik məlumatları dinləyicilərin nəzərinə çatdırıblar. Qeyd edilib ki, hazırda HTP çərçivəsində Macarıstanda təhsil üçün sənəd qəbulu davam edir.
Sonra NDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Aidə Cəlilzadə tələbələrin xaricdə təhsil imkanları barədə məlumatlandırılması istiqamətində təşkil olunan görüşlərin önəmini vurğulayıb.
Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.