Neft-Kimya Prosesləri İnstitutu əməkdaşlarının monoqrafiyası ingilis dilində çapdan çıxıb
Bakı, 30 dekabr, AZƏRTAC
Akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, mərhum alim Ziyafəddin Əsədov, kimya elmlər doktoru, dosent İlhamə Zərbəliyeva və böyük elmi işçi Aygül Əbilova tərəfindən yazılmış “Ümumi kimya” dərs vəsaiti ingilis dilində “Müəllim” nəşriyyatında çapdan çıxıb.
Bu barədə AZƏRTAC-a Neft-Kimya Prosesləri institutundan məlumat verilib. Bildirilib ki, dərs vəsaitində ümumi kimyanın əsas tərkib hissələri nəzərdən keçirilir. Ümumi kimyanın əsas qanunlarının müzakirəsi, maddənin quruluşu və məcmu halları, termodinamikanın və termokimyanın əsas məqamları izah olunur, məhlulların xüsusiyyətləri və növləri, qatılığının ifadə formaları verilir.
Kitabda kimyəvi kinetikanın və katalizin əsas məsələləri aydınlaşdırılır, oksidləşmə-reduksiya reaksiyalarından, elektrokimyanın əsas anlayışlarından və prinsiplərindən bəhs olunur, nüvə reaksiyalarının xüsusiyyətləri vurğulanır.
Dərs vəsaiti universitetlərdə və ali məktəblərdə “Ümumi kimya” kursunda istifadə üçün nəzərdə tutulub.