NEFT MUZEYİNİN DİZAYN-LAYİHƏLƏRİNƏ BAXILMIŞDIR
AZƏRTAC xəbər verir ki, “Bakı şəhərində Neft muzeyinin yaradılması haqqında” Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına müvafiq olaraq dizayn-layihə konsepsiyası üzrə beynəlxalq müsabiqə komissiyasının ilk iclası keçirilmişdir.
İclasda muzeyin dizayn-layihə konsepsiyası üzrə müsabiqəyə təqdim edilən layihələrə baxılmışdır. ARDNŞ-in vitse-prezideni Xaliq Məmmədov bildirmişdir ki, inşası nəzərdə tutulan Neft Muzeyi respublikamızın iqtisadiyyatının inkişafında mühüm rol oynamış neft sənayesinin yüz altmış ildən bəri keçdiyi şərəfli yolun və qazanılmış nailiyyətlərin nümayiş etdirilməsi, Azərbaycanda neft sənayesi tarixinin öyrənilməsi və gənc nəslin Vətənin sərvətlərinə ehtiram ruhunda tərbiyə olunmasında mühüm rol oynayacaqdır.
Bibiheybət NQÇİ-nin neftdən təmizlənmiş 65 hektarlıq ərazisində Neft Muzeyinin yaradılmasının artıq bütün ölkə ictimaiyyətinin diqqət mərkəzində olduğunu bildirən X.Məmmədov vurğulamışdır ki, Muzeyin dizayn-layihə planı hazırlandıqdan və onun tərkibinə daxil olan obyektlərin siyahısı, sərhədləri və qorunan əraziləri müəyyənləşdirildikdən sonra layihə razılaşdırılmaq üçün aidiyyəti qurumlara təqdim olunacaqdır.
Layihəyə iddiaçı olan Almaniyanın “PA” Şirkətinin (“Probst Arxitekten” Memarlıq və Şəhərsalma MMC) icraçı direktoru Herbert Probst, “Region” Şirkətlər Qrupu QSC-nin müşaviri Rasim İmanov və “Nep-Engineering” MMC-nin direktoru Pərviz İsmayılov hazırladıqları layihələri komissiyaya təqdim etmiş, öz konsepsiyalarını əyani vəsaitlərlə nümayiş etdirmişlər. Təqdim edilmiş layihələrdə Neft Muzeyinin binasının xarici görünüşünə üstünlük verilməklə yanaşı, müsabiqənin şərtlərində də nəzərdə tutulduğu kimi, ərazidə tədris korpusunun, səyyar sərgi kompleksinin, konfrans, simpozium və digər tədbirlərin keçirilməsi üçün zalların, elmi-tədqiqat mərkəzinin, açıq səma altında neft sənayesinə aid eksponatların, eləcə də mehmanxana və idman kompleksinin, ticarət mərkəzinin inşa olunması təklif edilmişdir.
Görüşdə ARDNŞ nümayəndələrini və münsiflər heyətini maraqlandıran suallar cavablandırılmışdır. Bütün dizayn-layihələrə baxıldıqdan sonra qeyd olunmuşdur ki, layihələr münsiflər heyəti tərəfindən bir daha nəzərdən keçiriləcəkdir. Layihələr münsiflər heyətini qane etmədiyi təqdirdə komissiya müsabiqənin vaxtının uzadılması məsələsinə yenidən baxacaqdır.