Neftçalada Vətən müharibəsi şəhidlərinin xatirələri anılıb
Neftçala, 29 oktyabr, AZƏRTAC
Vətən müharibəsinin şəhidləri Neftçala şəhər sakini Əhmədov Mirmöhsüm Mirdamət oğlunun və Xol Qarabucaq kənd sakini Səfərov Mais Şakir oğlunun şəhadətə yüksəlməsinin ildönümləri qeyd olunub.
Anım mərasimlərində Neftçala Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, qazilər və şəhid ailələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Əhmədov Mirmöhsüm Mirdaməd oğlu 2002-ci il yanvarın 21-də Neftçala şəhərində dünyaya gəlib. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak edib, Qubadlı şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Oktyabrın 28-də Neftçala şəhər Şəhidlər xiyabanında dəfn edilib.
“Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Şəhid Səfərov Mais Şakir oğlu 1999-cu il iyulun 20-də Neftçala rayonu Xol Qarabucaq kəndində anadan olub. Vətən müharibəsində döyüşlərdə şücaət göstərib və Füzuli şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Oktyabrın 28-də Neftçala rayonu Xol Qarabucaq kənd qəbiristanlığında dəfn edilib.
“Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhidlərimizin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiribər.