“NEFTÇİ” KOMANDASI DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜNƏ HƏSR OLUNMUŞ FUTZAL TURNİRİNİN QALİBİDİR
Bakı, 24 dekabr (AZƏRTAC). Dekabrın 24-də Bakı İdman Sarayında 31 dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi gününə həsr olunmuş ənənəvi futzal turnirinin final görüşü keçirilmişdir.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, AFFA, Ələkbər Məmmədov adına Beynəlxalq Futbol Fondu və Alman-Azərbaycan Cəmiyyəti tərəfindən təşkil olunmuş turnirdə 1997-98-ci illər təvəllüdlü yeniyetmə futbolçulardan ibarət 6 komanda mübarizə aparmışdır.
Finalda “Neftçi” və ”BİFM ” komandaları qarşılaşmışdır. Gərgin mübarizə şəraitində keçən matçda əsas vaxt 1:1 hesabı ilə nəticələnmişdir. On bir metrlik cərimə zərbəsini yaxşı yerinə yetirən “Neftçi” komandası 2:1 hesabı ilə rəqibinə qalib gəlmişdir. Üçüncü yer uğrunda mübarizədə isə “Vətən” komandası “Qaradağ”ı 2:1 hesabı ilə məğlub etmişdir.
Sonra veteran futbolçulardan və idman ictimaiyyətinin nümayəndələrindən təşkil olunmuş komandalar arasında nümunəvi görüş keçirilmişdir. Maraqlı oyun 5:2 hesabı ilə veteranların xeyrinə qurtarmışdır.
Azərbaycanın tanınmış veteran futbolçusu Ələkbər Məmmədov veteranların adından bu futbol bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə uşaqları səmimi təbrik etmişdir. Yeniyetmə futbolçuların gözəl oyun nümayiş etdirdiklərini söyləyən Ə.Məmmədov onlara idman nailiyyətləri arzulamışdır.
Veteran futbolçuların iştirakı ilə yarışın qaliblərinə kubok, diplom və hədiyyələr təqdim olunmuşdur.