CƏMİYYƏT
NEFTÇİLƏR GÜNÜNƏ HƏSR OLUNMUŞDUR
Sentyabrın 20-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətində Neftçilər gününə həsr olunmuş təntənəli yığıncaq keçirilmişdir.
ARDNŞ-ın prezidenti Natiq Əliyev yığıncağı açaraq, bütün neftçiləri bayram münasibətilə təbrik etdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. O, Azərbaycan Prezidenti Heydər Əliyevin rəhbərliyi ilə neft strategiyasının həyata keçirilməsi sahəsində qazanılmış uğurlardan danışaraq dedi ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlinin qoyulması mərasimi dövlətimizin başçısının 2001-ci il 16 avqust tarixli Fərmanına əsasən, ötən ildən qeyd olunan neftçilərin peşə bayramı ilə bir vaxta düşmüşdür. Azərbaycan neftçiləri dövlətimizin başçısının siyasətini tamamilə bəyənirlər, daimi diqqət və qayğısına görə ona minnətdardırlar.
Natiq Əliyev bildirdi ki, Azərbaycan Prezidenti Heydər Əliyev Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlinin qoyulması mərasimində neft strategiyasının həyata keçirilməsinin mərhələlərini ətraflı təhlil edərək vurğuladı ki, xarici və daxili qüvvələrin törətdikləri maneələrə baxmayaraq, neft strategiyası uğurla reallaşdırılır.
ARDNŞ-ın prezidenti neft hasilatı sahəsində qazanılmış uğurlardan, bunun sayəsində şirkətin Azərbaycan büdcəsinə köçürmələrinin hər il artmasından söhbət açdı. Təkcə cari ilin 8 ayı ərzində bu məbləğ 1 trilyon 300 milyon manat təşkil etmişdir. Bütün bunlar ölkə əhalisinin, eləcə də neftçilərin sosial vəziyyətini yaxşılaşdırmağa imkan verir. Bu günlərdə ARDNŞ-ın birinci vitse-prezidenti İlham Əliyevin təşəbbüsü ilə 28 May adına NQÇİ işçilərinin əmək haqqı artırılmışdır.
Neft Sənayesi İşçiləri Birləşmiş Həmkarlar İttifaqının sədri Cahangir Əliyev, ötən il “Şöhrət” ordeni ilə təltif olunmuş Həsən İbrahimov, Bayram Bayramov və başqaları yığıncaqda çıxış edərək, neftçilərə göstərdiyi daimi qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.
Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Prezidenti Heydər Əliyevə müraciət qəbul olundu.