Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də qanvermə aksiyasına qoşulub
Bakı, 1 may, AZƏRTAC
Koronavirus pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı azaldığından Heydər Əliyev Fondunun başladığı qanvermə aksiyasına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də qoşulub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, aksiyaya könüllü qatılan əməkdaşların sağlamlıq vəziyyəti həkim-hematoloqlar tərəfindən yoxlandıqdan sonra müvafiq tibbi tələblərə uyğun olanların aksiyada iştirakına icazə verilib. Bununla da nazirliyin əməkdaşları aksiyada iştirak edərək qan ehtiyatının artırılmasına dəstək olublar.
Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mütəmadi olaraq könüllü qanvermə aksiyası keçirir.