Nərimanov rayonu əhalisinin tibbi müayinədən keçirilməsi davam etdirilir
Bakı, 14 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə cari ilin fevral ayının 1-dən mayın 1-dək respublika əhalisinin ümumi profilaktik müayinələrə cəlb olunması aksiyası çərçivəsində rayon əhalisinin tibbi müayinəsinin təmin edilməsi davam etdirilir.
AZƏRTAC xəbər verir ki, aprelin 14-də Nərimanov rayonunda yerləşən 18 nömrəli şəhər poliklinikasında rayon əhalisinin növbəti tibbi müayinəsi keçirilib. Poliklinika sakinlərin tibbi yoxlamalardan rahat şəkildə keçmələri üçün ən müasir avadanlıqlarla təchiz olunub. Burada xəstəxanaya gəlmək imkanları məhdud olan xəstələrin müayinəsi üçün xüsusi həkim briqadaları fəaliyyət göstərir.
Rayon icra hakimiyyəti başçısının müavini İradə Mahmudova tibbi müayinəyə gələn vətəndaşlarla səmimi söhbət edib, onların problemləri ilə maraqlanıb, həmçinin müayinə ilə bağlı yaranan bu və ya digər suallarını cavablandırıb. İcra başçısının müavini eyni zamanda, vətəndaşlara müayinənin təşkili barədə ətraflı məlumat verib.
Ümumiyyətlə, tibbi müayinələr başlayandan etibarən rayon üzrə 80 min 855 nəfərin müayinələrdən keçməsi təmin olunaraq, onlardan 60 min 77 nəfərdə hər hansı bir xəstəlik aşkar edilməyib, 20 min 522 nəfərə ambulator, 256 nəfərə isə stasionar müalicə təyin olunub.
Sakinlər onların sağlamlıqlarının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək müalicəyə cəlb olunması məqsədi ilə keçirilən bu nəcib aksiyanı yüksək dəyərləndirərək, onların hər zaman qeydinə qalan dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildiriblər.