Nərimanov rayonunda müştərilərə onlayn yolla qəlyan təklif edən şəxslər saxlanılıblar VİDEO
Bakı, 13 avqust, AZƏRTAC
Nərimanov rayonunda karantin qaydalarını pozaraq müştərilərə onlayn yolla qəlyan təklif edən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon polis idarəsinin 17-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində həmin əməli törədərək sanitar-epidemioloji tələbləri pozan Rövşən Ağayev tutulub. Araşdırma zamanı onun qəlyan avadanlığının onlayn yolla çatdırılmasını təşkil etdiyi məlum olub.
Faktla bağlı Rövşən Ağayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Toplanmış material rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə Rövşən Ağayev 8 sutka inzibati qaydada həbs edilib.
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı yaşadığı evdə karantin qaydalarını pozaraq qəbul etdiyi müştərilərə pul müqabilində qəlyan təklif edən paytaxt sakini Nurlan Hüseynov da tutulub. Onunla birlikdə qəlyandan istifadə edən daha üç nəfər də polis idarəsinə dəvət edilib. Müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onların hər biri 200 manat məbləğində cərimələnib. Yaşadığı evdən qəlyanxana kimi istifadə edən Nurlan Hüseynov barəsində də protokol tərtib olunub. Toplanmış material qərar qəbul edilməsi üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.