Nərimanov rayonunda Zəfər Gününü qazandıran Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb
Bakı, 9 noyabr, AZƏRTAC
Bakının Nərimanov rayonunda Vətən Müharibəsi qəhrəmanları, polkovnik Zaur Nudirəliyev və baş-leytenant Azad Hümbətovun adlarının verildiyi küçələrdə lövhələrin açılışı mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə rayon ictimaiyyətinin mümayəndələri, şəhid ailələri və qazilər iştirak ediblər.
Mərasim iştirakçıları Birinci Qarabağ müharibəsi şəhidi, Milli Qəhrəman Albert Aqarunovun abidəsi önünə gül dəstələri qoyaraq onun xatirəsinə böyük ehtiram göstəriblər.
Mərasimdən sonra “Zəfər dastanı” adlı tədbir keçirilib. Tədbirin əvvəlində Dövlət Himninin səsləndirilib, şəhidləri xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon məktəblilərinin ifasında “Qarabağ Azərbaycandır!” adlı ədəbi-bədii kompozisiya və Vətən müharibəsi şəhidlərinə həsr edilmiş sənədli film nümayiş olunub, şəhidlərin həyatından və döyüş yolundan bəhs edən “44 günlük Zəfər dastanı” kitabının təqdimatı keçirilib.
Milli Məclisin sədr müavini Adil Əliyev çıxış edərək Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın azad olunması uğrunda gedən 44 günlük Vətən müharibəsində böyük igidlik və şücaət göstərən Milli Ordunun zabit və əsgərlərinin misilsiz şücaətindən, xalq-dövlət-ordu birliyinin möhtəşəm gücündən bəhs edib.
“İgidliyə görə” medalı ilə təltif olunan şəhid polkovnik Qərib Baxşəliyevin, “Vətən uğrunda”, medalı ilə təltif olunan Azad Bəkirlinin, “Cəsur döyüşçü” medalı ilə təltif olunan Əli Qasımov, Sinan Məmmədov və Murad Məmmədovun medalları ailə üzvlərinə təqdim edilib.
Vətən Müharibəsi Qəhrəmanı, şəhid Azad Hümbətovun atası, Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov şəhid ailələri adından Prezident İlham Əliyevə ünvanlanmış təbrik məktubunu oxuyub.