NİDERLAND PARLAMENTİNİN BAŞ KATİBİ AZƏRBAYCANIN AVROPAYA İNTEQRASİYASINI YÜKSƏK QİYMƏTLƏNDİRMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyulun 8-də Milli Məclis sədrinin müavini Bahar Muradova Niderland Krallığı parlamentinin baş katibi Jaklin Bişevel ilə görüşmüşdür.
Bahar Muradova bildirmişdir ki, Azərbaycan Avropa İttifaqının və NATO-nun fəal üzvlərindən olan Niderland ilə əlaqələrin inkişafında maraqlıdır. Ölkələrimiz arasında münasibətlərin inkişafı üçün geniş imkanlar olsa da, əlaqələrimiz istənilən səviyyədə deyildir. Müxtəlif nazirliklərimiz və digər dövlət qurumlarımız arasında bu günədək bir sıra mühüm görüşlər və qarşılıqlı səfərlər olmuşdur. Lakin dövlətlər arasında əlaqələrin hərtərəfli inkişaf etdirilməsində parlamentlər xüsusi rol oynayırlar. Ona görə də qanunverici orqanlarımız arasında münasibətlərin dərinləşdirilməsinə böyük ehtiyac vardır. Bu, həm də terrorizmə, beynəlxalq təhdidlərə qarşı mübarizədə mühüm amildir. Azərbaycan parlamentində Niderlandın qanunvericilik orqanı ilə dostluq qrupunun mövcudluğunu vurğulayan B.Muradova, qarşı tərəfdə də belə bir qurumun yaradılmasının zəruriliyini qeyd etmişdir.
Niderland parlamentinin baş katibi xanım Jaklin Bişevel səfərinin əsas məqsədinin Azərbaycan və onun qanunverici orqanı ilə tanışlıq olduğunu bildirmişdir. Bakıda müşahidə etdiyi inkişafdan və əldə etdiyi məlumatlardan məmnunluğunu ifadə edən Bişevel, Azərbaycanın sürətli inkişafını və Avropaya inteqrasiyasını da yüksək qiymətləndirmişdir. O, bu səfərinin ölkələrimiz, xüsusən də parlamentlərimiz arasında əlaqələrin inkişafına yeni töhfələr verəcəyinə əminliyini vurğulamışdır. Baş katib Niderland parlamentinin yaranma tarixi, onun strukturu, iş prinsipi barədə ətraflı məlumat vermiş, qarşılıqlı təcrübə mübadiləsinin faydalı olacağına əminliyini ifadə etmişdir.