İDMAN
Nizami rayonunda məktəblilər arasında güllə atıcılığı yarışı keçirilib
Bakı, 1 may, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci və faşizm üzərində Qələbənin 73-cü ildönümü münasibətilə Nizami Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının, “İki sahil” qəzetinin təşəbbüsü ilə rayon məktəbliləri arasında güllə atıcılığı yarışı keçirilib.
AZƏRTAC xəbər verir ki, iyirmi komandanın iştirak etdiyi yarışda Olimpiya sistemi üzrə gücünü sınayan şagirdlər hədəfi daha dəqiq nişan almağa çalışıblar. Yarışın nəticələrinə görə, 220 nömrəli orta məktəbin komandası 128 xalla birinci yerə sahib olub.
Sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov, 220 saylı məktəb-liseyin direktoru Tural Mirzəliyev, şagirdlərin hərbi hazırlıq müəllimi Mübariz Məmmədov və başqaları çıxış edərək bəşər tarixinin ən dəhşətli müharibəsində sovet ordusu sıralarında xidmət edən bütün xalqların Qələbənin qazanılmasına böyük töhfələr verdiyini bildiriblər. Qeyd ediblər ki, bu müharibədə 27 milyona yaxın sovet vətəndaşı həlak olub. İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin əldə edilməsində Azərbaycan xalqının da böyük töhfəsi və rolu olub. Müharibədə şərəfli döyüş yolu keçmiş qəhrəman əsgərlərimizin xidmətlərinin gənc nəslə əsl vətənpərvərlik nümunəsi olacağı əminliklə vurğulanıb. Bildirilib ki, hər il 9 May - Qələbə Günü münasibətilə respublikada keçirilən tədbirlərdə məhz dövlətimizin başçısının iştirakı gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır.
Çıxışlarda qeyd olunub ki, 1993-cü ildə Azərbaycan xalqının təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə bütün sahələrdə yüksəlişə doğru dönüşün əsasının qoyulduğu kimi, müharibə veteranlarına əvvəlki hakimiyyətin cəmiyyətdə formalaşdırmağa cəhd göstərdiyi münasibət də aradan qaldırılıb. Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra 9 May - Qələbə Günü rəsmi dövlət bayramı səviyyəsində qeyd edilib. Qələbənin 70 illik yubileyi ərəfəsində Prezident İlham Əliyev tərəfindən imzalanmış müvafiq sərəncamlar veteranlara göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Sonda yarışın qaliblərinə mükafatlar təqdim olunub.