Nizami rayonunda qanvermə aksiyası təşkil olunub
Bakı, 28 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın daim diqqət mərkəzində olan talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək məqsədilə Nizami Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında qanvermə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, aksiyaya rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları, eləcə də YAP Nizami rayon təşkilatının ərazi partiya təşkilatları fəalları qoşulublar.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkim briqadası tərəfindən hər bir donorun sağlamlığı əvvəlcədən yoxlanılıb. Hərtərəfli tibbi müayinədən sonra könüllülərdən qan götürülüb. Yığılan yeni qan ehtiyatı təkrar yoxlanıldıqdan sonra talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.
Qanvermə zamanı donorların və tibb işçilərinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün zəruri tədbirlər həyata keçirilib.
Qeyd edək ki, aksiyada 800 nəfərdən çox rayon sakini və partiya fəalı iştirak edib.