“Nizamişünaslıq” elmi əsərlər jurnalının növbəti sayı çapdan çıxıb
Gəncə, 29 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin “Nizamişünaslıq” elmi əsərlər jurnalının 14-cü nömrəsi çapdan çıxıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan, Türkiyə və Cənubi Azərbaycandan olan alimlərin məqalələrinin yer aldığı jurnalın bu nömrəsi dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 885 illiyinə həsr edilib.
“Nizamişünaslıq” elmi əsərlər jurnalı ildə iki dəfə nəşr olunmaqla Azərbaycan, türk, özbək, ingilis, rus və digər dillərdə məqalə qəbul edir. Nəşrin nüsxələri müvafiq kitabxanalara paylanılmaqla, elektron variantı da ayrıca olaraq https://ameagb.az/az/content/71 saytında yerləşdirilir. Jurnal Beynəlxalq Standart Seriya Nömrəsi (ISSN), Rəqəmsal Obyekt İdentifikatoru (DOI) standartları ilə nəşr olunmaqla yanaşı, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının filologiya elmləri üzrə tövsiyə olunan dövri elmi nəşrlər siyahısına daxildir.
Redaksiya heyətində Azərbaycan, Türkiyə, Özbəkistan, Hindistandan olan alimlər yer alıb. “Nizamişünaslıq” elmi əsərlər jurnalının redaktoru AMEA Gəncə Bölməsinin elmi işlər və rəqəmsal inkişaf üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarov, məsul katibi şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Təranə Verdiyevadır.
Müxbir - Elcan Məmmədov