Nobel mükafatı laureatları Bakının gözəlliyinə heyran olduqlarını bildirmişlər
Bakı, 30 oktyabr (AZƏRTAC). Oktyabrın 30-da Bakı Dövlət Universitetində (BDU) Kaliforniyanın Stenford Universitetinin professoru, fizika üzrə Nobel mükafatı laureatı Laflin Robert Betts və kimya üzrə Nobel mükafatı laureatı Markus Rudolf Artur ilə görüş keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, görüşdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Nobel mükafatı laureatlarını yenidən universitetdə görməkdən məmnunluğunu bildirmiş, bu ali təhsil müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülmüş işlərdən, əməkdaşlıq etdiyi elm ocaqları və müxtəlif qurumlarla əlaqələrindən söhbət açmışdır.
Azərbaycanda elmin və təhsilin inkişafına göstərilən dövlət qayğısından və bu sahədə aparılan islahatlardan danışan rektor, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın əhəmiyyətini xüsusilə vurğulamış, azərbaycanlı alimlərin nanotexnologiyalar sahəsində xarici həmkarları ilə birgə əməkdaşlıqlarını da diqqətə çatdırmışdır.
Görüşdə Nobel mükafatı laureatları - Robert Betts və Markus Rudolf Artur ikinci dəfə BDU-da olmaqlarından məmnunluqlarını ifadə etmiş və III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycana gəldiklərinə görə şad olduqlarını bildirmişlər. Ötən bir il ərzində Azərbaycanın xeyli inkişaf etdiyini diqqətə çatdıran qonaqlar Bakının gözəlliyinə heyran olduqlarını xüsusilə vurğulamış, ölkəmizdə keçiriləcək III Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətindən danışmışlar.
Sonda qonaqlara hədiyyələr təqdim olunmuşdur.
Görüş çərçivəsində Kaliforniyanın Stenford Universitetinin professoru, fizika üzrə Nobel mükafatı laureatı Laflin Robert Betts və kimya üzrə Nobel mükafatı laureatı Markus Rudolf Artur universitetin tələbə-müəllim heyətinə mühazirələr oxumuş, sualları cavablandırmışlar.
BDU-nun nanoaraşdırmalar laboratoriyasına baş çəkən məşhur alimlər orada aparılan elmi tədqiqat işləri ilə də yaxından tanış olmuşlar.