REGİONLAR
Novruz sədaları Sumqayıt universitetində
![](/files/galleryphoto/2019/1/1200x630/15527169935963358956_1200x630.jpg)
![](/files/galleryphoto/2019/1/1200x630/15527169934615050451_1200x630.jpg)
![](/files/galleryphoto/2019/1/1200x630/15527169932883126560_1200x630.jpg)
![](/files/galleryphoto/2019/1/1200x630/15527169932627834584_1200x630.jpg)
![](/files/galleryphoto/2019/1/1200x630/155271699348840196_1200x630.jpg)
![](/files/galleryphoto/2019/1/1200x630/15527169935794220217_1200x630.jpg)
![](/files/galleryphoto/2019/1/1200x630/15527169935497929515_1200x630.jpg)
![](/files/galleryphoto/2019/1/1200x630/15527169934184413733_1200x630.jpg)
![](/files/galleryphoto/2019/1/1200x630/1552716993306283069_1200x630.jpg)
Sumqayıt, 16 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı Sumqayıt Dövlət Universitetində (SDU) böyük təntənə ilə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, SDU-nun rektoru, professor Elxan Hüseynov bayram tədbirindəki çıxışında Azərbaycan xalqının əsrlər boyu Novruz bayramını qeyd etdiyini, milli adət-ənənələri yaşatdığını bildirib. Qeyd edib ki, minilliklərdən keçib gələn bu qədim el bayramı tarixboyu qadağalara və təqiblərə məruz qalsa da, özünəməxsus adət-ənənələrini indi də saxlayır. Novruz bayramı sovetlər birliyi dövründə rəsmən yasaq edilsə də, ümummilli lider Heydər Əliyevin milli ənənə və dəyərlərə bağlılığı bu bayramın xalq arasında sevilərək yaşadılmasını təmin edib, folklorşünaslıq və fəlsəfə sahəsində aparılan elmi tədqiqatlarda onun ideoloji-siyasi əhəmiyyəti önə çəkilib.
Ulu Öndərimizin milli dəyərlərimizin yaşadılması ilə bağlı siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının məqsədyönlü fəaliyyəti sayəsində müstəqil Azərbaycan və onunla birlikdə milli dəyərlərimiz də beynəlxalq aləmdə tanınır və qəbul edilir. UNESCO-nun Novruz bayramını dünya xalqlarının qorunan qeyri-maddi mədəni irsi siyahısına daxil etməsi, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının isə martın 21-ni Beynəlxalq Novruz Günü elan etməsi milli dəyərlərimizin dünya miqyasında təsdiqinin ən gözəl nümunəsidir. Bu işlərdə isə mədəni irsimizin ən böyük qayğıkeşi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətləri əvəzedilməzdir.
Bayram tədbirində el ağsaqqalı Dədə Qorqud Novruzun gəlişi münasibətilə xeyir-dua verib. Novruz bayramının əsas personajları olan Bahar qızı, Kosa və Keçəl zarafatları ilə şənliyə xüsusi zövq qatıblar. Eyni zamanda, milli mətbəximizin və geyimlərimizin, xalq yaradıcılığının, el sənətkarlığının ən gözəl nümunələri nümayiş olunub. Universitetin “Səma” rəqs qrupunun rəngarəng rəqsləri, respublikamızın tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin ifası tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.