Nüfuzlu jurnalın redaksiya heyəti Azərbaycan alimlərinin fəaliyyətini yüksək qiymətləndirib
Bakı, 21 noyabr, AZƏRTAC
Uşaqların internetdə təhlükəsizliyi son dövrlərin aktual problemlərindəndir. Uşaqlar internetdən istifadə etməklə biliklər qazanır, özlərini inkişaf etdirirlər. Lakin onlar şəbəkədə ziyanlı məzmun daşıyan məlumatlarla da qarşılaşırlar. Bu isə onların psixologiyasına və sağlamlığına zərər verir. Çox vaxt azyaşlı istifadəçilər pornoqrafik görüntülərin potensial qurbanına çevrilirlər. Uşaq auditoriyası üçün ziyanlı məzmun daşıyan pornoqrafik şəkillərin qarşısının alınması multimedia tədqiqatında vacib bir problemdir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Uşaqların qorunması üçün internetdə zərərli şəkil kontentinin filtrasiyası üsulu” sərlövhəli elmi məqalədə məlumat verilib. AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev, aparıcı elmi işçi texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva və baş mütəxəssis Sabirə Ocaqverdiyeva 2022-ci ildə çap olunan həmin məqaləyə görə Niderland Krallığında fəaliyyət göstərən “Elsevier” nəşriyyatında dərc olunan yüksək impakt faktorlu “Journal of Information Security and Applications” jurnalının redaksiya heyəti tərəfindən nəşr sertifikatına layiq görülüblər.
Tədqiqatda zərərli şəkil kontentinin filtrasiyasını həyata keçirən dərin təlim ideologiyasına əsaslanan “ChildNet” adlı model təklif edilib. Model əlamətlərin seçilməsini həyata keçirmədən daxil olan şəkilləri zərərli və zərərsiz siniflərdə dəqiq klassifikasiya etmək imkanına malikdir.
Qeyd edək ki, “Journal of Information Security and Applications” nəşri kompüter elmləri kateqoriyasında impakt faktorlu 162 jurnal arasında 56-cı mövqedə qərarlaşıb.