Nüfuzlu “The Korea Post” jurnalı Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətini geniş işıqlandırmışdır
Bakı, 28 mart (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Seulda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün martın 26-27-də Koreya Respublikasında işgüzar səfərdə olmuşdur.
Səfər zamanı Koreya Respublikasının müxtəlif nüfuzlu nəşrləri Azərbaycan Respublikasına və Prezident İlham Əliyevin fəaliyyətinə böyük maraq göstərmişlər. Koreya Respublikasında 1985-ci ildə təsis edilən və ingilis dilində böyük tirajla nəşr olunan nüfuzlu “The Korea Post” jurnalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fotoşəkli ilə birgə geniş tərcümeyi-halını dərc etmişdir. Jurnalda Prezident İlham Əliyevin zəngin ictimai-siyasi və dövlətçilik fəaliyyəti geniş şəkildə işıqlandırılmışdır.