NÜVƏ ENERJİSİNDƏN İSTİFADƏNİN GƏLƏCƏYİ ALMANİYA HÖKUMƏTİ DAXİLİNDƏ QIZĞIN MÜBAHİSƏLƏRƏ SƏBƏB OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Almaniya hökumətində təmsil olunan Almaniya Xristian Demokratlar Birliyi (XDB) və Xristian Sosialistlər Birliyini (XSB) özündə birləşdirən “İttifaq” və Almaniya Sosial-Demokratlar Partiyasından (SPD) ibarət koalisiya daxilində gələcəkdə nüvə enerjisindən istifadə barəsində mübahisələr kəskinləşir.
Federal kansler, Xristian Demokratlar Birliyinin sədri Angela Merkel partiyasının nüvə enerjisi sahəsində tutduğu mövqeyi müdafiə edərək, ölkə ərazisində hələ bağlanmamış 17 atom elektrik stansiyasının (AES) istismar müddətinin uzadılmasına çalışacağını bildirmişdir. Xanım kansler “Bild am Sonntag” qəzetinə verdiyi müsahibədə söyləmişdir ki, Almaniya enerji təchizatını yaxın gələcəkdə nüvə enerjisi olmadan təmin edə bilməyəcəkdir.
Xristian Sosialistlər Birliyinin sədri Ervin Huber isə “İttifaq”ın gələn il keçiriləcək növbəti parlament seçkilərində qələbə qazanacağı təqdirdə, nüvə enerjisindən imtina məsələsinə yenidən baxılacağını və yeni reaktorların tikilməsinin mümkünlüyünü bildirmişdir.
Sosial-Demokratlar Partiyasının təmsilçisi, federal ekologiya naziri Ziqmar Qabriel bildirmişdir ki, SPD atom enerjisindən imtinadan növbəti seçkilərdə əsas mövzu kimi yararlanacaqdır. Nüvə enerjisinə qadağa qoyulmasına səy göstərən SPD bu barədə xüsusi qanunun qəbul edilməsinə can atır.
“İttifaq” və SPD arasında 2005-ci il seçkilərindən sonra imzalanan koalisiya müqaviləsində əvvəlki hökumətin sənaye konsernləri ilə razılaşdığı və Almaniyanın nüvə enerjisindən istifadəni dayandıracağı barədə proqramı qüvvədə saxlamaq nəzərdə tutulurdu. Dünya bazarlarında enerji daşıyıcılarının qiymətinin kəskin artması və ətraf mühitin mühafizəsi ilə bağlı müzakirələr “İttifaq”ı nüvə enerjisi proqramlarını davam etdirməyə sövq edir.
Qeyd edək ki, Almaniya hökuməti 2000-ci ildə yeni atom elektrik stansiyalarını tikməməyi və nüvə enerjisindən istifadəni tədricən məhdudlaşdıraraq, 2021-ci ildə tam dayandırmağı nəzərdə tutan qərar qəbul etmişdi.