“O OLMASIN, BU OLSUN“ TAMAŞASININ PREMYERASI OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, iyulun 11-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrında dahi bəstəkarımız Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” komediyasının premyerası olmuşdur.
Böyük bəstəkarımızın bütün əsərləri kimi, “O olmasın, bu olsun” da öz sadəliyi, milli koloriti, reallığı ilə əsrlərin sınağından şərəflə çıxmış, aktuallığını qoruyub saxlamışdır.
Ötən əsrin əvvəllərində yazılan, dəfələrlə bu və ya digər teatr kollektivi tərəfindən tamaşaya qoyulan, iki dəfə böyük ekranda canlandırılan “O olmasın, bu olsun”un qəhrəmanları yenə də Azərbaycan Dövlət Musiqili Komediya Teatrının səhnəsinə çıxmışdılar. Teatrın yeni rəhbərliyinin dəvəti ilə xalq artisti, rejissor Cənnət Səlimova bu məşhur əsəri yeni quruluşda tamaşaya qoymuşdur.
Teatrın direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi Əliqismət Lalayevin fikrincə, Cənnət xanım yetərincə səhnə və həyat təcrübəsi olan, müasir düşüncəli bir sənətkardır. Təbiidir ki, onun yozumunda “O olmasın, bu olsun” yenə fərqli çalarlarla təqdim olunmuşdur. Xatırladaq ki, Cənnət xanım 1998-ci ildə məhz bu teatrın səhnəsində həmin əsərə quruluş vermişdi. Onun yenidən Üzeyir Hacıbəyovun bu əsərinə müraciət etməsi də təsadüfi deyildir. Yaradıcı heyət inanır ki, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması üçün bu günün gəncliyi tariximizi daha dərindən öyrənməli, dahilərimizin sənət nümunələri ilə yaxından tanış olmalıdır.
Bu dəfə tamaşa 1998-ci ilin səhnə təfsirindən xeyli fərqli bir quruluşda təqdim olunmuşdur. Yaradıcı heyətin tərkibi də xeyli cavanlaşmışdır. Cənnət Səlimovanın budəfəki həmfikirləri - quruluşcu dirijor Nazim Hacıəlibəyov, əməkdar rəssam İsmayıl Məmmədov, baletmeysterlər Zakir və Yeganə Ağayevlər, xormeyster Vaqif Məstanov və dirijor Ziya Bağırovdur. Aktyorlara gəlincə, yeni quruluşda Məşədi İbad obrazını əməkdar artist Ramiz Məmmədov canlandırmışdır. Gülnazı Nərgiz Kərimova, Sərvər rolunu Fərid Əliyev oynamışlar.
Gənc həmkarları ilə eyni səhnəni bölüşən görkəmli səhnə ustaları, xalq artistləri Afaq Bəşirqızı Sənəm, Arif Quliyev hambal, aktyor Novruz Qartal isə Məşədi Qəzənfər obrazlarını canlandırmışlar.