“OBYEKTİVDƏ AZƏRBAYCANDIR”
Aprelin 27-də Bakıda Rusiyanın tanınmış fotojurnalisti, həmyerlimiz, nüfuzlu beynəlxalq “Qızıl göz” mükafatı laureatı, Rusiyanın əməkdar mədəniyyət işçisi Valeri Şustovun “Obyektivdə Azərbaycandır” mövzusunda fərdi sərgisi açılmışdır. Beynəlxalq Rusdilli Jurnalistlər Assosiasiyasının Azərbaycan milli bürosunun təşkil etdiyi sərgi Yeni Azərbaycan Partiyasının və Azərbaycan ilə Rusiya arasında diplomatik münasibətlər qurulmasının 10 illik yubileylərinə həsr olunmuşdur.
Əslən bakılı olan Valeri Şustov Azərbaycan Dövlət Univertitetinin geologiya-coğrafiya fakültəsini bitirdikdən sonra fotoqrafiyaya həvəs göstərmişdir. O, uzun illər APN-də (XMA) işləmiş, Sovet İttifaqının aparıcı fotojurnalistlərindən biri olmuşdur.
Sərgiyə gələnlər fotoqrafın Azərbaycana, habelə keçmiş SSRİ-nin görkəmli şəxsiyyətlərinə həsr edilmiş əsərləri ilə tanış olmuşlar. Azərbaycan Prezidenti Heydər Əliyevin sovet dövründə respublikaya rəhbərlik etdiyi illərdəki fotoşəkilləri ekspozisiyada əsas yer tutur. Fotoqraf respublikamızın rəhbərini dəniz platformasında, neftçi fəhlələr arasında, istirahətdə olarkən əksr etdirmişdir. Heydər Əliyevin ailə üzvləri arasında, dəniz sahilində çəkilmiş fotoşəkilləri xüsusilə səmimi təsir bağışlayır.
Azərbaycanın tanınmış mədəniyyət xadimlərindən Tahir Salahovun, Müslüm Maqomayevin, Lətif Kərimovun və başqalarının yaradıcılıq axtarışlarını, bənzərsiz görkəmi və ab-havası ilə seçilən köhnə Bakı məhəllələrini, Bakı mənzərələrini və dəniz mədənlərini əks etdirən əsərlər tamaşaçılarda böyük maraq doğurmuşdur.
Beynəlxalq Rusdilli Jurnalistlər Assosiasiyasının milli əlaqələndiricisi Oleq Əliyev, Rusiyanın “Novosti” İnformasiya Agentliyinin “Sputnik novostey” qəzetinin baş redaktoru Yevgeni Vorobyov, jurnalist Hacı Akif Ağayev, Rusiyanın Bakıdakı səfirliyinin nümayəndəsi Parmen Şenşin açılış mərasimində çıxış edərək, Valeri Şustovun yaradıcılığından danışdılar. Şairə Qalina Abdullayeva Bakıya və bakılılara həsr etdiyi şerlərini oxudu. Valeri Şustov sərginin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirərək, ümidvar olduğunu söylədi ki, Vətənində təşkil edilmiş bu sərgisi sonuncu olmayacaqdır.
Açılış mərasimində Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri Zəhra Quliyeva, incəsənət xadimləri iştirak edirdilər.