CƏMİYYƏT
Oğuz rayonunun Muxas və Calut kəndlərində kömür quyuları doldurularaq yenidən istifadəsi məhdudlaşdırılıb
Bakı, 15 avqust, AZƏRTAC
Meşələrdə ağacların kəsilməsinin qarşısının alınması, eləcə də bölgələrdə kömürbasma ilə məşğul olanların müəyyənləşdirilməsi üçün mütəmadi reydlər keçirilir. Keçirilən reydlər və tətbiq edilən cərimələr son zamanlar bu sahədə işlərin müsbətə doğru irəliləməsinə səbəb olub.
AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Ziya Cəbrayılov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, keçirilən növbəti reyd zamanı Oğuz rayonunun ərazisindəki meşələrdə ağacların kəsilməsi halları müəyyən edilib və kömür quyuları aşkarlanıb: “Rayonun Muxas və Calut kəndlərində 15-dən çox kömür quyusu doldurularaq yenidən istifadəsi məhdudlaşdırılıb və ərazi nəzarətə götürülüb. Yerli sakinlərə müraciət edərək bildiririk ki, bu məsələyə biganə qalmasınlar. Meşələrdəki ağacların kəsilməsinin qarşısını almaq məqsədilə belə hallarla üzləşdikdə birbaşa aidiyyəti orqanlara məlumat versinlər. Həmin bölgədə əsasən çubuq kömürünün hazırlanması ilə məşğul olunduğundan bu, meşələrdə cavan pöhrələrin və ağacların kəsilməsi ilə nəticələnir. Həm də, kömür hazırlanması zamanı ondan ayrılan tüstü insanların vərəm xəstəliyinə yoluxmasına səbəb olur”.
İdarə rəisi bir neçə gün bundan əvvəl Oğuzda baş vermiş yanğının da ehtiyatsızlıq ucbatından və ya kömür basılmasından qaynaqlandığının ehtimal olunduğunu bildirib: “Bütün bunları nəzərə alaraq həm yerli sakinlər, həm də aidiyyəti qurumlar həmin problemlərin aradan qaldırılması üçün bütün səylərini bir araya gətirməlidirlər. Nazirlik meşə təsərrüfatı, eləcə də yerli bələdiyyələrə məxsus torpaqlarda kömürbasma halları ilə əlaqədar lazımi tədbirlər görür, münbit torpaqlarda kömür basdırılması nəticəsində torpaqların qeyri-münbit hala gətirilməsi barədə bələdiyyələrə, aidiyyəti qurumlara məlumat verir. Ümid edirik ki, birgə mübarizə tədbirləri daha səmərəli olacaq”.