Ölkəmizdə məhkəmə-hüquq islahatları uğurla davam etdirilir
Bakı, 19 noyabr, AZƏRTAC
Ədliyyə Nazirliyi 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi gün yaradılıb. Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə təsis olunması ümummilli lider Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrünə təsadüf edir. Belə ki, 1970-ci il oktyabrın 27-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis olunaraq sabit fəaliyyəti təmin edilib. Nazirlik məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirib, əhaliyə hüquqi yardımı yaxşılaşdırıb, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin edib. Ümumiyyətlə, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün əlverişli zəmin yaranıb.
Azərbaycan ədliyyəsi ölkəmizin dövlət müstəqilliyinin bərpasından sonra da Ulu Öndərin diqqətindən kənarda qalmayıb. Belə ki, 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ədliyyə sisteminin inkişafını təmin edən ardıcıl islahatlar həyata keçirilib, nazirliyin səlahiyyətləri genişlənib. Ulu Öndərin ədliyyə sahəsinə göstərdiyi böyük qayğının təzahürü olaraq 2000-ci il noyabrın 11-də imzaladığı Sərəncamla Ədliyyə Nazirliyinin ilk Əsasnaməsinin təsdiq edildiyi gün - 22 noyabr Azərbaycan Respublikası ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilib. Həmin tarixdən başlayaraq, Azərbaycan ədliyyəsi böyük və sürətli inkişaf yolu keçib, mühüm nailiyyətlər qazanıb.
Bu barədə Nizami Rayon Məhkəməsinin hakimi Fikrət Mirzəyev AZƏRTAC-da təqdim etdiyi yazısında bildirib.
Fikrət Mirzəyev qeyd edib ki, ən qədim tarixi olan ölkələrdə də hüququn aliliyinə nail olmaq üçün müntəzəm işlər aparılır, yeni qanunlar qəbul olunur, bütövlükdə cəmiyyətin hüquq düşüncəsinin formalaşdırılması naminə zəruri tədbirlər görülür. Azərbaycan Respublikası da həmin ölkələr sırasındadır. Bu məqsədlərə çatmaq üçün ölkəmizdə ilk növbədə qanunvericilik hakimiyyətinin bir qolu kimi məhkəmələrin nüfuzu artırılıb, məhkəmə sistemi təkmilləşdirilib, yeni, bütün tələblərə cavab verən məhkəmə binaları tikilib istifadəyə verilib, qanunlarda olan boşluqlar aradan qaldırılıb, hakimlərin seçilməsi qaydalarında mütərəqqi addımlar atılıb, onların əxlaq və etik davranış kodeksləri qəbul edilib, hakimlərin aşağı vəzifələrə keçirilməsi və onların səlahiyyətlərinə xitam verilməsi üçün zəruri olan hüquqi meyarlar müəyyən olunub, məhkəmədə işlərə dinamik və səmərəli baxılması üçün elektron məhkəmələr yaradılıb.
Ölkəmizdə hüquq sisteminin davamlı olaraq təkmilləşdirilməsi, ədalət mühakiməsinin günün tələblərinə uyğun olaraq həyata keçirilməsi sahəsində əsas yük Ədliyyə Nazirliyinin üzərinə düşür. Lakin bu sahədə hələ də görülməli olan çoxlu işlər var. Prezident İlham Əliyev məhkəmə islahatlarının davam etdirilməsi sahəsində qətiyyətli mövqe tutub. Bu islahatlar ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun rəhbərliyi ilə bundan sonra da uğurla aparılacaq və Azərbaycan Respublikası hüququn aliliyini tam mənası ilə təmin etmiş ölkələrdən biri olacaq.
Tarixən hər bir ölkədə onun özünəməxsus hüquqi adətləri, ənənələri, qanunvericiliyi, bunların əsasında yaranan dövlət mexanizmi fəaliyyət göstərir. Habelə hüquqi düşüncənin, hüquq mədəniyyətinin spesifik xüsusiyyətləri, başqa sözlə, hüquq sistemi formalaşır və inkişaf edir. Hər bir ölkənin konkret coğrafi mövqeyi, tarixi inkişafı, milli, dini, mədəni və digər özəllikləri kimi vacib faktorlar hüquq sisteminin təşəkkülünə mühüm təsir göstərir. Bununla belə, dünya hüquq elmi bir sıra əsas meyarlara əsaslanaraq, aşağıda sadalanan və müasir dünyada mövcud olan hüquq sistemlərini fərqləndirir:
Roman-german (qitə, kontinental və yaxud sivil hüququ) hüquq sistemi - bunlara Avropa qitəsinin böyük əksəriyyəti, Latın Amerikası, Afrikanın bir çox ölkələri, MDB dövlətləri, habelə Azərbaycan Respublikası və başqaları daxildirlər;
İngilis-sakson (ümumi hüquq) hüquq sistemi - bu ölkələrə əsasən ingilisdilli ölkələr, habelə İngiltərənin keçmiş müstəmləkələri, yəni İngiltərənin özü, ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya, Hindistan və başqaları aiddirlər;
Dini-kanonik hüquq sistemi - bu sistem özündə müxtəlif dini ehkamlarının (islam, iudaizm, induizm) cəmiyyətdə başlıca rol oynadıqları dövlətlərdə təşəkkülünü tapıb. Bunlara İran, Əfqanıstan, Pakistan, eləcə də Yaxın Şərq və Şimali Afrikanın bir sıra ərəb ölkələrini aid etmək olar;
Sosialist hüquq sistemi - Çin, KXDR və Kuba. Bizim ölkəmizdə də yaxın keçmişə qədər (SSRİ-nin tərkibində olduğu zaman) bu hüquq sistemi tətbiq olunmaqdaydı;
Adət hüququna əsaslanan hüquq sistemi - Madaqaskar və bəzi ekvatorial Afrika ölkələri;
Qarışıq (hibrid) hüquq sistemləri - Şotlandiya, CAR, Yaponiya, İsrail, Filippin, Kamerun, Şri-Lanka, Nigeriya və başqa ölkələr. Bunlar əsas etibarilə dünyanın müxtəlif hüquq sistemlərinin zəruri elementlərini özlərində üzvi surətdə birləşdirir.
Təsnifatdan göründüyü kimi, Azərbaycan Respublikası dünya dövlətlərinin əksəriyyətinin qəbul etdiyi - Roman-german (bəzi mənbələrdə bu yunan-Roma hüquq sistemi kimi də adlandırılır) hüquq sistemini qəbul edib, bütün qanunvericilik aktlarını bu sistemin müddəalarına uyğun olaraq təkmilləşdirib.
Dünyada mövcud olan hər bir hüquq sisteminin spesifik xüsusiyyətləri, müsbət və mənfi çalarları olmasına baxmayaraq, Roman-german hüquq sistemi hüququn aliliyinin təmin olunması nöqteyi-nəzərdən digər sistemlərdən fərqlənir və inkişaf etməkdə olan dövlətlərin əksəriyyətində bu sistemə meyil güclənir.
Sevindirici haldır ki, Azərbaycan Respublikası məhz dünya dövlətlərinin əksəriyyətinin qəbul etdiyi Roman-german hüquq sistemini seçib və bütün hüquq islahatlarını bu sistemin tələblərinə uyğun aparmaqdadır.