Ölkəmizdə müşahidə edilən qrip təhlükəli hesab olunmur və mövsümü xarakter daşıyır
Bakı, 8 yanvar (AZƏRTAC). Qrip soyuqdəymənin ağırlaşmış formasıdır. Soyuqdəymə zamanı bədənin müəyyən hissəsi ağrıyırsa, qripə yoluxduqda bütün bədən əzginləşir. Eyni zamanda, qrip yuxarı tənəffüs yollarının selikli qişalarının zədələnməsi ilə xarakterizə olunan kəskin virus infeksiyasıdır.
Havaların soyuması ölkəmizdə infeksion xəstəliklərin, o cümlədən qripə yoluxmaların sayını artırmışdır. Son günlər insanlar arasında yayılan qrip xəstəliyi isə boğaz ağrısı, temperatur, baş gicəllənmə, təzyiqin aşağı düşməsi ilə özünü göstərir. Xəstəliyin qarşısı vaxtında alınmasa pnevmoniya ilə nəticələnə bilər. Ona görə də qripin ilkin əlamətləri hiss olunduqda, insanlar mütləq həkimə müraciət etməli və dəqiq diaqnoz əsasında müalicələrini almalıdırlar. Bəzən qripə qarşı olan yanlış müalicə formaları onun daha da ağırlaşmasına səbəb ola bilər. Temperatur olduğu halda insanlar evdən çıxmadan lazımi müalicə almalı, antiviral dərmanlar və gün ərzində daha çox su və ya maye qəbul etməlidirlər.
Tibb mütəxəssislərinin fikrincə, ölkədə son aylar müşahidə edilən qripin H3N2 forması təhlükəli hesab olunmur və mövsümü xarakter daşıyır. Bu virusa yoluxanlar qripin müalicəsini sadəcə vaxtında və düzgün həyata keçirməlidirlər.
Səhiyyə Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, hazırda Azərbaycanda bütün virusları təyin etmək üçün imkanlar vardır. Hələ ki ölkədə qorxulu viruslarla xəstələnmə halı qeydə alınmamışdır. Yalnız kəskin virus infeksiyasından söhbət gedə bilər. Bu da əsasən insanlar arasında mövsümi olaraq yayılır. Ümumilikdə 2013-cü ildə də respublika üzrə epidemioloji stabillik davam etmişdir.
Qripə yoluxmamaq üçün qabaqlayıcı tədbirlər görülməlidir. Adətən qripə tutulmuş xəstələrin böyük bir qismi evdə müalicə olunur. Həkimlərin qənaətinə görə, belə xəstələr mütləq spirtli içkidən və siqaretdən imtina etməlidirlər. Xəstəliyə yoluxmamaq üçün geyimin də böyük rolu var. Sintetik deyil, təbii materiallardan hazırlanmış paltarlara üstünlük verilməlidir.
Qripin qarşısı vaxtında alınmasa orqanizmə ağırlaşma verərək meningit, astma, bronxit, qaymorit kimi xəstəliklərə yol aça bilər. Bu xəstəliklər isə müalicə edildikdə belə orqanizmdən tam sovrulmur.