Ölkəmizdə talassemiyalı və hemofiliyalı xəstələrin müalicəsində müsbət nəticələr əldə edilmişdir
Bakı, 11 yanvar (AZƏRTAC). Son 10 ildə talassemiyadan ölüm göstəricisi 5 dəfə, hemofiliyadan ölüm isə 2 dəfə azalmışdır. Bu xəstəliklərdən əziyyət çəkənlərin təhlükəsiz donor qanı ilə təminatı məsələsi də praktik olaraq həll edilmişdir. Qan tədarükü 6,8 tondan 30,1 tonadək artmışdır. Hazırda tibb müəssisələrinin və xəstələrin donor qanına olan ehtiyacı tam ödənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı məlumat vermişdir.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Respublika Talassemiya Mərkəzinin yaradılmasını irsi qan xəstəliklərinin müalicəsində dönüş nöqtəsi olduğunu diqqətə çatdıran nazir demişdir ki, indi Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən bu Mərkəzdə sümük iliyi transplantasiyası əməliyyatlarına hazırlıq işləri gedir. İlk əməliyyatın 2014-cü ildə aparılması nəzərdə tutulur.
O.Şirəliyev bildirmişdir ki, xüsusi dövlət proqramı qəbul edilənə qədər xroniki böyrək çatışmazlığı da səhiyyəmizin qarşısında duran ən çətin problemlərdən idi və hər il yüzlərlə insanın ölümünə səbəb olurdu. İndi xroniki böyrək çatışmazlığından əziyyət çəkən minlərlə xəstənin hemodializ seansları tam həcmdə dövlət hesabına həyata keçirilir.