“Ölkəmizi tanıyaq”: on rayonun məktəbliləri Novruz bayramı ərəfəsində şimal bölgəsinə ekskursiyaya gəliblər
Quba, 15 mart, Elxan Yusifli, AZƏRTAC
On rayonun şagirdlərindən ibarət qruplar Novruz bayramı ərəfəsində şimal bölgəsinə ekskursiyaya gəliblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyaya gələn məktəblilər gəzintiyə martın 15-də qədim Qubadan başlayıblar.
Lənkəran, Astara, Lerik, Yardımlı, Yevlax, Neftçala, Salyan, Şirvan, Şuşa və Zəngilandan olan 400-ə yaxın məktəbli Quba şəhərindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkında mehribanlıqla qarşılanıblar.
Şagirdlərin diqqətinə çatdırılıb ki, ölkəmizin hər yerində olduğu kimi, Quba-Qusar-Xaçmaz bölgəsində də son illər aqrar sahənin, emal müəssisələrinin inkişafı istiqamətində böyük işlər görülüb. Azərbaycanın şimal bölgəsi iqtisadiyyatı ilə bərabər, turizmin inkişafı üçün də cəlbedici məkandır. Son illərdə bu bölgədə turizm infrastrukturunun yaradılması istiqamətində mühüm addımlar atılıb. Qusar rayonundakı “Şahdağ” Turizm Mərkəzinə gələn turistlərin sayı ilbəil artır. Bu bölgə həm də tarixi məkanları ilə tanınır.
Məktəblilər parkda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra onlara rayon haqqında ətraflı məlumat verilib. Heydər Əliyev Mərkəzinə gələn tur-aksiya iştirakçıları burada Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən muzeyə baxıblar. Mərkəzdə, həmçinin ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illərdə ölkəmizin müxtəlif bölgələrinə səfərləri, o cümlədən Quba rayon ictimaiyyəti ilə görüşlərini əks etdirən fotoguşələr yaradılıb.
Daha sonra məktəblilər Gənclər Mərkəzi ilə yaxından tanış olublar.
Tur-aksiya iştirakçıları martın 18-dək Quba, Qusar və Xaçmaz rayonlarının görməli yerlərinə, tarixi abidələrinə ekskursiya edəcəklər.