OMBUDSMAN APARATINDA KİTABXANA İŞÇİLƏRİ ÜÇÜN SEMİNAR KEÇİRİLMİŞDİR
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatında kitabxana işçiləri üçün seminar təşkil olunmuşdur.
“Əhalinin hüquq təhsili və maarifləndirilməsində kitabxanaların rolu” mövzusunda seminara Rusiya Federasiyasındakı M.Rudomino adına Xarici Ədəbiyyat üzrə Ümumrusiya Dövlət Kitabxanasının Hüquqi İnformasiya Mərkəzinin direktoru Olqa Suxova trener-ekspert kimi dəvət olunmuşdur.
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, müvəkkil Elmira Süleymanova insan hüquq və azadlıqlarının, o cümlədən mədəni hüquqların müdafiəsi və təbliğinin mühüm əhəmiyyət kəsb etdiyini, ombudsmanın fəaliyyətində bu hüquqların da təmin edilməsinə diqqət yetirildiyini, geniş hüquqi maarifləndirmə işi aparıldığını vurğulamışdır. O, insan hüquqları üzrə maarifləndirmənin aparılmasında kitabxanaların fəaliyyətini genişləndirməyin və rolunu artırmağın vacibliyini qeyd etmişdir.
O.Suxova hazırda bütün dünyada insan hüquqlarının müdafiəsi və təbliği işində kitabxanaların da maarifləndirici rol oynadığını vurğulamışdır. Qonaq təmsil etdiyi Rusiya Federasiyasında kitabxana işinin təşkili, kənd kitabxanalarının komplektləşdirilməsi və kompyuterləşdirilməsi, məlumat banklarının, elektron kitabxanaların yaradılması barədə ətraflı danışmışdır.
Seminar fikir və təcrübə mübadiləsi, canlı diskussiya şəraitində keçmişdir.